Çavuşoğlundan erməni deputata sərt cavab: “Qarabağı siz işğal etmisiniz”

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyəni bəzi məsələlərdə ittiham edib: “Türkiyə İŞİD-ə dəstək verir”.

 

M.Çavuşoğlu isə buna sərt reaksiya göstərib: “Fikirlərimiz müxtəlif ola bilər, amma əvvəlcə dürüst olmalıyıq. Siyasətçi olduğumuz üçün dürüstlüyə daha çox diqqət yetirməliyik. Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə deyə bilərsiniz? İndiyədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu məhv edib? Heç de dürüst olmayan formada İŞİD-i dəstəklədiyimizi deyirsiniz. Sizi dinlədiyim zaman sanki bir mələksiniz - barış mələyisiniz. BMT və  Avropa Şurasının qətnamələrində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi göstərilib, ya yox?”

 

Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanla bir millət, iki dövlətdir: “Azərbaycan torpaqlarını mənmi işğal etmişəm? Qarabağı mənmi işğal etmişəm? Siz işğal etdiniz, niyə çəkilmirsiniz? Biz sizə bəzi məsləhətlər verdik, təkliflər irəli sürdük, “buradan çəkilsəniz, sərhədləri açarıq” dedik. Siz dediniz ki, Azərbaycanı niyə şərt kimi qoyuruq? Biz də “Azərbaycan bizim qardaş ölkəmizdir” cavabını verdik. Dedik ki, Azərbaycanın məsələsi bizim məsələmizdir”.

 

Nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərliyinə məktubla müraciət etdiyini xatırladıb: "Biz hakimiyyətə gələndə Rəcəb Tayyib Ərdoğan dövlət başçınıza məktub yazdı. Məktubunda bildirirdi ki, "Siz bu iddiaları irəli sürürsünüz, gəlin ortaq komissiya yaradaq, bu komissiyaya sizin və bizim elm adamlarımızı daxil edək. Arxivləri açaq, siz də açın, biz də açaq. Amma iki ölkə kifayət etməz, Rusiyanın da, ABŞ-ın da, İngiltərənin də elm adamları gəlsin, onlar da arxivlərini açsınlar. Elm adamları bu işi aparsın, nəticə nə olursa-olsun, biz qəbul etməyə hazırıq" dedik. Siz isə "Yox" dediniz. Niyə? Çünki siz yalana üstünlük verirsiniz, özünüzə güvənmirsiniz".

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR