Əli Həsənov: "Azərbaycan Cənubi Qafqazın şəksiz lideridir"

Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Bu isə ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə edərkən deyib.

 

Əli Həsənov bildirib ki, Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər olub.

 

Əli Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, Rusiya, Türkiyə və İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri, Rusiya, Çin, Türkiyə, İran və İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət  aparması baxımından Azərbaycan Cənubi Qafqazın şəksiz lideridir.

 

Prezidentin köməkçisi məruzəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisə olunmaz olduğunu vurğulayıb: "Bəhs olunan parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər".

 

Azərbaycanın transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malik olduğunu deyən Əli Həsənov enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyətinin heç bir qonşu ölkə ilə müqayisə olunmadığını qeyd edib: "Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına  mühüm təsir göstərir".

 

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətlərinin xarakteristikası barədə danışan Ə.Həsənov qeyd edib ki, Azərbaycan milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir.

 

Sərhədlərin vəziyyətini təhlil edən Əli Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib. Azərbaycan ərazisinin 20%-i, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

 

Əli Həsənov məruzəsində müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə də ətraflı bəhs edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR