Masallıda şəhid gizirin medalı atasına təqdim olundu

Silahlı Qüvvələrimizin şəhid giziri Aqil Qismət oğlu Məlikovun müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı noyabrın 18-də ailə üzvlərinə təqdim edilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndindəki ata ocağında medalın təqdimolunma mərasimi keçirilib.

 

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Polkovnik Abdulla Qurbani, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov və başqaları çıxış edərək, Vətən torpaqları uğrunda şəhid olmuş Aqil Məlikovun həmişə xatirələrdə yaşayacağını, onun qısa və  mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.

 

Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub.

 

Sonda şəhidin atası Qismət Məlikov oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

 

Qeyd edək ki, noyabrın 15-də müddətdən artıq xidmət keçən Silahlı Qüvvələrimizin giziri, 26 yaşlı Aqil Qismət oğlu Məlikov cəbhənin Füzuli bölgəsində düşmən gülləsindən şəhid olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR