Nazir: “Əmək pensiyaları qanununa dəyişikliklər olunacaq”
“Prezidentin təsdiq etdiyi pensiya islahatları konsepsiyasına uyğun olaraq əmək pensiyaları qanununa dəyişikliklər edilməsi üzərində iş gedir”. APA TV-nin şimal bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov məlumat verib.
Onun sözlərinə görə, həmin dəyişikliklərin yekun variantı yaxın günlərdə tamamlanacaq. Nazir bildirib ki, artıq Nazirlər Kabineti tərəfindən həmin qanuna dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub. Bu prosesdə Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar iştirak edir: "Mən elə düşünürəm ki, yaxın günlərdə bu proses tamamlanacaq. Həmin dəyişikliklərin baş verməsi üçün qanun layihəsi cənab prezidentə təqdim olunacaq”.
Pensiyaların maliyyələşməsi prosesinə toxunan nazir bu sahədə heç bir problemin olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu proses vaxtında və dəqiq icra olunur.
Qeyd edək ki, bu gün Səlim Müslümov Qusar rayonunda 5 rayondan olan vətəndaşları qəbul edib. Vətəndaşlar əsasən sosial müdafiə, imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması, məşğulluq, aktiv əmək bazarı proqramlarına, o cümlədən peşə hazırlığına cəlb edilmə, reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin obyektiv şəkildə cavablandırılması, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatların verilməsi təmin olunub. Bir sıra şəxslərin müraciətlərində əksini tapan məsələlərin həlli ilə əlaqədar nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər