Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi, tankeri və quru yük gəmisi istismara verildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisinin, “Gəncə” tankerinin və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimi olub.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev prezident İlham Əliyevə yeni gəmilər barədə məlumat verib.

 

Dövlət başçısı əvvəlcə “Gəncə” tankeri ilə tanış olub. Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan 2 yeni tankerdən biridir. Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir.

 

Dövlət başçısı “Gəncə” tankerinin istismara verilməsini bildirən düyməni basıb.

 

Prezident İlham Əliyevə bu günlərdə Bakı gəmiqayırma zavodunda tikintisinə dair müqavilə imzalanmış nadir Ro-Pax/Bərə tipli iki gəmi barədə məlumat verilib. Sonra Bakı gəmiqayırma zavodunda bu tipli daha 2 tankerin tikintisi üzrə sifarişlə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə Bakı gəmiqayırma zavodu arasında müqavilə imzalanıb.

 

Yeni tankerlər Xəzərdə suyun mövcud səviyyəsində, az saya oturumla maksimum çox yük götürə bilən nadir gəmilər olacaq. Belə ki, tankerin digər texniki xarakteristikaları eyni saxlanılmaqla, yükgötürmə qabiliyyətinin 8 min tonadək artırılmasına nail olunacaq. Yeni nəsil tanker ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün məhz Bakı gəmiqayırma zavodunda inşa ediləcək.

 

Daha sonra Prezident İlham Əliyev burada Rəşid Behbudovun ailə üzvləri görüşüb. Dövlət başçısı görkəmli müğənninin ailə üzvləri ilə xatirə şəkli çəkdirib. “Rəşid Behbudov” gəmisinin istismara verilməsini bildirən rəmzi lent kəsilib.

 

Prezident İlham Əliyevə məlumat verilib ki, 150 nəfər tutan “Rəşid Behbudov” sürətli sərnişin gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansının sifarişinə əsasən tikilib. Gəmidə ulu öndər Heydər Əliyevlə Rəşid Behbudovun görüşləri və dövlət başçısı İlham Əliyevin dünya şöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb. “Rəşid Behbudov” sürətli sərnişin gəmisi eyni tipli “Müslüm Maqomayev” gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirəcək.

 

Dünya şöhrətli müğənninin nəvəsi Rəşid Behbudov gəminin istismara verilməsini bildirən düyməni basıb. Görkəmli sənətkar Rəşid Behbudovun ailə üzvlərinə gəminin maketi hədiyyə olunub.

 

Dövlət başçısı İlham Əliyevə yeni alınmış “Qafur Məmmədov” quru yük gəmisi barədə də məlumat verilib. Bu gəminin dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu isə 4,79 metrdir. Ümumilikdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2014-2016-cı illər ərzində donanması üçün 5500 ton yükgötürmə qabiliyyətinə malik 8 yeni quru yük gəmisi alıb. Hazırda Gəmiçiliyin Xəzərdən kənarda Azərbaycan bayrağı altında üzən gəmilərinin sayı 10-a çatıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR