Azərbaycan prezidenti Rusiya Dövlət Dumasının komitə sədrini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Leonid Slutskini Rusiya Federasiyası Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib və Dövlət Dumasının mühüm komitələrindən birinə rəhbər təyin olunmasını ona göstərilən böyük etimad kimi dəyərləndirib.
Leonid Slutskinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri kimi əvvəllər Azərbaycanda dəfələrlə olduğunu vurğulayan prezident İlham Əliyev onun həmin vəzifədə fəaliyyətinin MDB məkanında parlamentlərarası əməkdaşlığın fəal inkişafı işinə xidmət etdiyini bildirib. Dövlət başçısı əminliyini ifadə edib ki, indiki vəzifəsində də Leonid Slutski öz işinin öhdəsindən layiqincə gələcək və Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfəsini verəcək. Prezident İlham Əliyev Leonid Slutskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə və təbriklərə görə dövlət başçısına minnətdarlığını bildirən Leonid Slutski deyib ki, Azərbaycan bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olub və olacaq. Bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir.
Leonid Slutski bildirib ki, ölkəsi Azərbaycanın Rusiya ilə strateji, konstruktiv və effektiv tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönələn xarici siyasət kursunu yüksək qiymətləndirir. Heç bir xarici və daxili opponent ildən-ilə möhkəmlənən münasibətlərimizə xələl gətirə bilməz.
Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər