Aydın Əliyev Saatlıda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Saatlıda vətəndaşları qəbul edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda Saatlı, Şirvan, Sabirabad, İmişli və Beyləqan rayonlarının sakinləri iştirak edib.

 

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, ilin əvvəlindən bu günə qədər DGK tərəfindən büdcəyə 1 milyard 960 milyon manat vəsait köçürülüb. Bu isə nəzərdə tutulan büdcə  proqnozundan 150 milyon manat artıqdır.

 

O, Azərbaycanın gömrük-keçid məntəqələrinin gücləndirilmiş iş rejiminə keçdiyini söyləyib: "Gürcüstanın Yuxarı Las ərazisində qar uçqunları olduğundan, Rusiya istiqamətində gedən yüklərin Azərbaycandan keçməsi gözlənilir. Bu, həm Avropadan, həm Türkiyədən, həm də Gürcüstanın özündən gələn yüklər ola bilər. Bununla bağlı dünəndən “Sınıq Körpü” gömrük-keçid məntəqəsinə, eyni zamanda digər gömrük-keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib".

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR