Türkan Şoray: "Azərbaycandan aldığım mükafatı evimin ən önəmli yerində saxlayacağam"
Türk dünyasının sevimli aktrisası Türkan Şoray və məşhur fransız aktyoru, rejissor Rober Hossein Bakıdadırlar.
APA TV-nin xəbərinə görə, Xəzər Universitetində onların səfəri münasibətilə tədbir təşkil olunub.
Mərasimdə bir çox tanınmış simalar - xalq artistləri Arif Məlikov, Rasim Balayev, şair Ramiz Rövşən, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları iştirak ediblər. Öncə Avrasiya Akademiyasının fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Daha sonra Rober Hosseinin həyatı və kino karyerasının müxtəlif mərhələlərini əks etdirən filmə baxış keçirilib. Onun atası Azərbaycan və tacik mənşəlidir. Kinematoqrafiyaya gəlişi 50-ci illərin ortalarına təsadüf edir. Karyerası boyunca çoxsaylı filmlərə çəkilib, eyni zamanda rejissor kimi çalışıb. Filmdə də məhz bu məqamlara toxunulub.
Tədbirdə türk kinematoqrafiyasının canlı əfsanəsi Türkan Şoray haqqında film də nümayiş olunub. Filmdə onun yaradıcılığının ayrı-ayrı dövrləri barədə məlumat yer alıb, Türkan Şorayın həm aktrisa, həm də rejissor kimi fəaliyyətinə nəzər salınıb.
Hər iki məşhur sima Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər.
Türkan Şoray: “Azərbaycandayam, qardaş ölkədəyəm. Yaxın bildiyim azərbaycanlılarla bir yerdəyəm. Mənim üçün çox həssas mühitdəyəm. Çünki sənət bütün insanların ortaq dəyəridir. Mən də sənətkar olaraq çox dəyərli elm ocağının təklifi ilə belə bir mükafata layiq görüldüm. Bu, mənim kino karyeramda çox qürurverici hadisədir. Azərbaycandan aldığım bu mükafatı evimin ən önəmli yerində saxlayacağam. Bütün azərbaycanlılara, məni bu mükafata layiq görən akademiya üzvlərinə çox təşəkkür edirəm. Buradan xoşbəxt ayrılacağam”.
Rober Hossein: “Azərbaycana heyranam. Bu, mənim ilk gəlişim deyil. Dəfələrlə Azərbaycana səfər etmişəm. Atam Azərbaycan və tacik mənşəlidir. Bu gün çox emosionalam. Çünki haqqımda film nümayiş olunacağını bilmirdim. Məni mükafata layiq görənlərə təşəkkür edirəm. O ki, qaldı Türkan Şoraya, o, dahi aktrisa və gözəl qadındır”.
Xalq artisti Arif Məlikov bildirib ki, Türkan Şorayla onu uzun illərin dostluğu bağlayır: “Talantı sevmək lazımdır. Bu, Allah vergisidir. Heç nə etməsə belə, üzünün cizgiləri bəs edir ki, ona simpatiya artsın. Dostluqda çox səmimidir. Biz dəfələrlə görüşmüşük, evində olmuşam. Film çəkilişlərində bir yerdə olmuşuq. Əlimdə xeyli material var. Özünə dedim ki, əlimdə olan şəkilləri çap etdirib göndərəcəyəm. Aktyorlar belə şeylərə sevinirlər”.
Tədbirin sonunda Türkan Şoray və Rober Hosseinə Avrasiya Akademiyasının üzvlük diplomu və “Avrasiya əfsanəsi” mükafatı təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər