Masallıda müəmmalı hadisə: 4 hektarlıq kivi bağını məhv etdilər

Masallı rayonunda naməlum şəxs və ya şəxslər 4 hektar ərazidə əkilmiş kivi ağaclarını kəsərək yararsız vəziyyətə salıblar.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.

 

Fermer  Aşur Mahmudovun illərdən bəri min bir əziyyətlə becərdiyi kivi bağı bir gecənin içində məhv edilib. Zərərçəkmişin sözlərinə görə, bağda əkilən hər bir kivi ağacı ona 700 manata başa gəlib. Bu il ilk dəfə olaraq bağdan nübarlıq məhsul yığımı aparılacaqdı. Lakin fermerin arzusunu ürəyində qoyublar.

 

Aşur Mahmudov hadisə barədə səhər saatlarında xəbər tutub. Bağa gələn fermer gördüyü mənzərədən dəhşətə gəlib. Əraziyə baxış keçirilərkən ağacların 90 faizinin kəsildiyi məlum olub. Ümumilikdə isə bağ sahibinə 60 min manatdan çox maddi ziyan dəyib.

 

Hadisə barədə kənd icra nümayəndəsi, bələdiyyə sədri və rayon polis şöbəsi məlumatlandırılıb. Bağ sahibi baş verən qeyri-insani hadisədən hələlik heç kimdən şübhələnmədiyini bildirib. Onun sözlərinə görə, hər şey ərazidə təhlükəsizlik məqsədilə quraşdırılan veb-kameraya düşən görüntülərə baxışdan sonra məlum olacaq.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR