Azərbaycan prezidenti: "Nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir?"

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

 

APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev qonaqlarla dünən görüşdüyünü xatırladıb: "Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq. Çünki biz hələ də özümüzü təqdim etmək üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil. Bu baxımdan biz dünya miqyasında müxtəlif tədbirlər, o cümlədən mədəniyyət sahəsi, iqtisadi potensialımızın təqdim edilməsi ilə bağlı tədbirlər keçiririk. Lakin təqdimatın ən yaxşı yolu qonaqlara burada ev sahibliyi etməkdir. Xüsusilə o qonaqlara ki onlar gündəlik işlərində beynəlxalq ictimaiyyəti dünyada gedən proseslərlə məlumatlandırırlar. Bu baxımdan, fikrimcə, Bakıda bu Konqresin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".

 

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal səmimi qəbula görə Azırbaycan prezidentinə təşəkkürünü bildirib: "Bizim bugünkü görüşümüzdə dünyanın hər yerindən xəbər agentliklərini təmsil edən insanlar toplaşıb və onların bir qismi Sizə suallar vermək istəyindədir. Mən burada bütün Konqres iştirakçıları adından danışmaq istərdim. Biz Konqresdə Sizin dünənki nitqinizin təəssüratları altındayıq və fikrimcə, hər bir iştirakçı xüsusilə Sizin ingiliscənizə valeh olub. Yəqin buradakı həmkarlarım üçün də maraqlıdır ki, Sizin ingiliscəniz necə olur ki, bu səviyyədədir. Bu, bir möcüzədir".

 

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının "Səudiyyə Press" Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn də prezident İlham Əliyevə bu mühüm tədbirin təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski Azərbaycanda bir neçə jurnalistin həbsdə olmasına diqqət çəkib: "Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə olmaları məhz jurnalistlik fəaliyyətləri ilə bağlı deyil. Onlar xuliqanlıq, vergi pozuntuları və digər bu cür məsələlərlə bağlı həbs olunublar. Bildiyimizə görə, Xədicə İsmayılova həbs olunduqdan sonra “Azad Avropa” radiostansiyasının bürosunun fəaliyyətinin bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?"

 

Prezident İlham Əliyev isə qonaqlara "siz "dünya" deyəndə kimi nəzərdə tutursunuz?" sualı ilə müraciət edib: "Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə, nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir. Dünən mən öz çıxışımda da qeyd etdim ki, bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləyiblər. Mən dünənki çıxışımda onu da qeyd etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar? Əgər sosial şəbəkədə - “Facebook”da və “Twitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar? Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ. Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur. Bu yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya çox adam yığa bilmədilər, onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?"

 

Con Danişevski isə bu məsələ ilə bağlı ekspert olmadığını deyib və əlavə edib ki, o, İsveçə geri qayıda, orada prokurorlarla təmasda ola və bu məsələlərlə məşğul ola bilər.

 

Prezident İlham Əliyev: Onda o, həbs olunacaq, ekstradisiya ediləcək və yəqin ki, ömürlük həbs cəzası alacaq.

 

Con Danişevski: Mmmmm.... Mən... Mən əmin deyiləm... Bəlkə isveçli həmkarım....

 

Prezident İlham Əliyev: Mən demək istəyirəm ki, bu cür hallar baş verir və bu cür məsələlərə kontekstdə baxılmalıdır. Hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir. Heç kim mükəmməl deyil və bütün bu məsələlərə reallıq kontekstində baxılmalıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR