TASS-ın baş direktoru: "Azərbaycan beynəlxalq xəbər arenasında mühüm rol oynayır"
Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var. APA TV-nin məlumatına görə, bunu “AzərTAC”ın baş direktoru Aslan Aslanov jurnalistlərə deyib.
A.Aslanov bildirib ki, dünyanın 7 böyük regional təşkilatı bu konqres ətrafında birləşir: “İlk dəfə 1956-cı ildə Avropa ölkələri xəbər agentlikləri bir araya gəlib Avropa xəbər agentliklərinin işinin istiqamətləndirilməsi, təcrübə mübadiləsi, idarəetmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli məqsədilə Avropa Ölkələri Xəbər Agentlikləri Alyansını yaradıblar. Bu təcrübə səmərəli olduğu üçün sonradan bu cür təşkilatlar digər regionlarda da yaradılmağa başlandı. UNESCO-nun köməyi ilə Ərəb ölkələri İnformasiya Agentlikləri Alyansı yarandı, Afrika ölkələri bir təşkilat yaratdı, Latın Amerikası ölkələri başqa bir təşkilatda birləşdilər. Ancaq 2004-cü ildə bu beynəlxalq təşkilatlar qərara aldı ki, dünya informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün üst qurum lazımdır ki, regional təşkilatları öz ətrafında birləşdirsin, təcrübə mübadiləsi daha geniş şəkildə aparılsın və beləliklə də, Dünya Xəbər Agentlikləri Konqresi yaradıldı”.
"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi xəbər agentliklərinin inkişafında böyük rol oynayır" deyən Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərdi Əyar qeyd edib ki, Azərbaycan bu tədbirin keçirilməsi üçün böyük işlər görüb: “Bu konqresin keçirilməsi böyük qüvvə tələb edirdi. Təşkilati işlərin yüksək olduğunu qeyd etməklə hesab edirik ki, Azərbaycanın sədrliyi ilə keçən konqres böyük nailiyyətlərə imza atacaq”.
Avropa Xəbər Agentlikləri Alyansının və TT İsveç Agentliyinin prezidenti Yonas Erikson bildirib ki, medianın əsas vəzifəsi oxuculara doğru xəbər çatdırmaqdır: "Bu gün artıq xəbər agentliklərinə gələcəkdə obyektiv və doğru, ən əsası azad xəbər yaymağa imkan verən addımlar atılmalıdır".
Ukrayna Milli İnformasiya Agentliyinin baş direktoru Aleksandr Xarçenko bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi peşəkarlılıq cəhətdən çox məlumat verir, bu çox böyük təcrübədir.
Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov qonaqpərvərliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edib: "Bu Konqresin məhz Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq xəbər arenasında oynadığı rolla bağlıdır”.
Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər