UNESCO nümayəndəsi: “Medianın azadlığı mülki təhsillə başlayır”
Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi" mövzusunda sessiya keçirilib.
APA TV-nin məlumatına görə, sessiyaya Ərəb Xəbər Agentlikləri Alyansının (FANA) baş katibi Fərid Əyar moderatorluq edib.
Sessiyada çıxış edən "DMA Media" şirkətinin təlimlər üzrə direktoru Coan Lin Veir hazırda mobil jurnalistikanın geniş yayıldığını bildirib: "Sosial media jurnalistikası ilə əlaqədar kursların keçirilməsi vacibdir. KİV bu sahəyə sərmayə qoymalı, gənc jurnalistlər üçün bu mövzuda kurslar təşkil olunmalıdır".
Fransanın "France Press" (AFP) agentliyinin qlobal xəbər departamentinin üzvü Erik Vişart isə deyib ki, yüksək peşəkarlığa malik olmayan gənclər media sahəsinə sosial media vasitəsilə qədəm qoyurlar: "Bu gənclərə təlimlər keçirilməlidir ki, xəbər, reportaj hazırlayarkən hansı məqamlara diqqət yetirməli olduğunu bilsinlər. Bu jurnalistlər xəbər və reportajlarda göstərilməsi tövsiyə edilməyən, qurbanların ailələrinə mənfi təsir edən şəkillər barədə məlumatlı olmalıdırlar. Etik qaydalara riayət edilməlidir. Türkiyə mediasının dənizdə boğularaq həyatını itirmiş Aylan adlı suriyalı qaçqın uşağın fotoşəkillərini KİV geniş istifadə etdi. Tarixdə belə fotoşəkillər nadir hallarda olur. Bu fotoşəkil dünya ictimaiyyətinin miqrant probleminə diqqətini artırdı".
Meksikanın "Notimex" agentliyinin baş icraçı direktoru Alexandro Romos Eskivel isə texnologiyada böyük dəyişikliklər olduğunu, internetin qlobal dəyişikliyə yol açdığını söyləyib: "Bu gün smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır. Televiziya və radio dinləyicilərinin sayı azalır, ənənəvi media qurumlarının gəliri azalır. Bu o deməkdir ki, ənənəvi media aradan çıxır".
"Los-Angeles Times" qəzetinin icraçı direktorunun müavini Skot Kraft bildirib ki, ABŞ-da son seçkilər zamanı jurnalistlər böyük rol oynayıb: "Əvvəllər çap media orqanları üstünlük təşkil edirdisə, indi hər bir jurnalistdən daha sürətli işləmək tələb olunur. Siyasi sahədə köklü hadisə baş verirsə, onun ön səhifəyə qoyulmasına deyil, həmin hadisənin dərindən araşdırılıb daha düzgün məlumatın yayılmasına çalışırıq. Əgər biz ön cərgədə olmaq istəyiriksə, operativ olmalıyıq".
UNESCO baş direktorunun müavini Qetayçyu Enqida isə qeyd edib ki, jurnalistikada qlobal dəyişiklik başlayıb: "Medianın azadlığı mülki təhsillə başlayır. Onlar ilk növbədə vətəndaş, sonra isə jurnalistdirlər. Jurnalistlərin təlim prosesi bir nömrəli tapşırıqdır. Təhsil sistemi dəyişib, uşaqlarımız maraqlı təhsil prosesi ilə üzləşirlər".
Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresinin bağlanış mərasimində BMT baş katibi Pan Gi Munun müraciəti oxunub. Baş katib müraciətində Konqresin təşkilinə görə Azərbaycana təşəkkür edib.
Bundan başqa Dünya Xəbər Agentliklərinin V Konqresində bəyannamə qəbul edilib. Sənəddə vurğulanıb ki, informasiya cəmiyyətində universal dəyərlərə, qanunun aliliyinə, irqi və etnik müxtəlifliyə hörmət media fəaliyyətində başlıca şərtdir: "Hamını plagiatlığa qarşı mübarizəyə səsləyirik. Qərəzli məlumatların qarşısının alınmasında hamının səylərini birləşdirməyə çağırırıq".
Bəyannamədə Konqresin növbəti iclasının 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçiriləcəyi əksini tapıb.
Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər