"Ağ şəhər" layihəsi çərçivəsində 22.3 km uzunluğunda yeni küçələr salınır

“Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində “Azəravtoyol” ASC  ötən ilin iyul ayından "Ağ şəhər" ərazisində yol tikinti və yeraltı piyada keçidlərinin tikinti-quraşdırma işlərinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, adı çəkilən ərazidə layihə üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22.3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir. Yollar hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.

 

Layihə çərçivəsində 2 yerdə - Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub. Yolların kənarında uzunluğu 500 m-ə yaxın, hündürlüyü 10-15 m arası dəyişən istinad divarı inşa olunub.

 

Ümumilikdə Xəqani Rüstəmov küçəsi də daxil olmaqla 80% yollarda əsasın tikinti işləri bitmiş sayılır. Bütün yollarda zəruri yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri də aparılıb.

 

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək Xəqani Rüstəmov küçəsinin 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolaqlı olması nəzərdə tutulub. Küçənin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub.

 

Xəqani Rüstəmov küçəsi qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.

 

"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. 2 ədəd keçidin hər birinin uzunluğu 280 m, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq.

 

Xəqani Rüstəmov küçəsi ilə Nobel prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi  yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri davam etdirilir.

 

Xəqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirən yeraltı piyada keçidində tikinti işləri davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR