Əsəd Hələbi, ruslar İdlibi bombaladı - ÖLÜ SAYI ÇOXDUR

Suriya ordusu Hələbin müxaliflərin nəzarətindəki səmtlərini bombalayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bombardman nəticəsində uşaq xəstəxanası, qan bankı və bir ambulans vurulub.

Müxalif düşərgəsindən son iki gündə azyaşlılar da daxil 32 nəfərin həyatını itirdiyi bildirilir.

 

Bombardman Dəməşqin müttəfiqi Rusiya tərəfindən elan edilən 3 həftəlik atəşkəsdən sonra yenidən başlanıb.

London Mərkəzi Suriya İnsan Haqları Təşkilatı əməliyyatda raketlər və çəllək bombalarından da istifadə edildiyini bəyan edib. Ölənlərdən 5-nin azyaşlı olduğu qeyd edilib. Aviazərbələrin davam etdiyi deyilir.

Rusiya aviasiyası isə Suriyanın İdlib əyalətini bombalayıb. Zərbələr "Ən Nüsra Cəbhəsi"nin mövqelərinə endirilib. Bu barədə general-mayor İqor Konaşenkov məlumat verib.

Suriya sahillərində olan "Admiral Kuznetsov" aviadaşıyıcısından havalanan "Su-33" qırıcılarının terror təşkilatının mövqelərini darmadağın etdiyi vurğulanır.

30 terrorçunun məhv edildiyi, onların arasında qruplaşmanın səhra komandirlərindən Məhəmməd Halal, Əbu Cabir Xarmuca və Abdul Baha Əl-Əsfərinin olduğu açıqlanıb.

Əl-Əsfərinin terrorçu qruplaşmanın başqa-başqa bölgələrdə qalan ehtiyatlarının Hələb və Həmaya daşınmasına rəhbərlik etdiyi və Hələbə növbəti hücumun planının müəllifi olduğu bildirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR