Goranboy sakinini döyüb evini qarət edən dəstə üzvləri ələ keçdi
Goranboyda ev sahibini döyərək onun evini yaran şəxslər tutulub. APA TV-nin qərb bürosunun məlumatına görə, Bakıdan Goranboya gələrək rayonun Azad kəndində oğurluq edən 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakinləri - 21 yaşlı Sadiq Bağırov, 20 yaşlı İlqar Xeyrişli və 22 yaşlı Rauf Abbasov saxlanılıb. Məlum olub ki, bu şəxslər rayonun Azad kəndində Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması xəbərini aldıqdan sonra oğurluq etmək qərarına gəliblər. Mənzilə daxil olan zaman ev sahibi Rəhman Qəhrəmanov onları görüb. Buna baxmayaraq, dostlar ev sahibini döyüb niyyətlərini həyata keçirməyi qərara alıblar. Kənd sakinini ölümcül hala salan "qəhrəmanlar" mənzildən 1600 manat nəğd pul və 3300 manat dəyərində qızıl-zinət əşyaları götürüblər.
Goranboyda quldurluq edib Bakıya qayıdan dostlar qənimətləri aralarında bölüb xərcləməyə macal tapmamış ələ keçiblər. İstintaq zamanı dəstə üzvü olan Rauf Abbasovun Bakıda yerləşən obyektlərin birindən 13 kompüter dəsti oğurladığı da müəyyənləşib.
Goranboya ilk dəfə gələn dəstə üzvləri Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması barədə məlumatı zərərçəkənin Emin adlı yaxın qohumunun verdiyini açıqlayıblar. Döyülüb evi yağmalanan Azad kənd sakini isə paytaxt xəstəxanalarının birində ağır vəziyyətdədir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər