Prezident İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir"
Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı olub.
APA TV-nin məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak və çıxış edib.
"Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir" deyən Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir.
O, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyib: “250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub”.
Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan prezident nəzərə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək: “Medianın dəstəyi olmadan bu mümkün deyil”.
Dövlət başçısı bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər: "Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik".
Prezident bildirib ki, müxtəlif media orqanları bəzi hallarda eyni hadisəni tamamilə fərqli şəkildə təqdim edir: "Bu, siyasi maraqdan irəli gəlir".
Dövlət başçısı deyib ki, Azərbaycan azad mətbuat istəyir: "Bakıda keçirilən Konqresin bu baxımdan irəlilə doğru bir addım olacağına inanırıq".
Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub: "İlk demokratik respublika 2 il yaşasa da, demokratik ənənələrin əsasını qoydu. O vaxt qadınlara səsvermə hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: "2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, "Bakı Prosesi" adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir".
Ermənistan-Azərbaycan münaqişəsindən danışan prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib: "SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb".
Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər