Sosial şəbəkələrdə saxta profillərdən təhqir etmək də cinayət sayılacaq

Azərbaycanda internet informasiya məkanında dövlət başçısının şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyətini yaradan müddəa parlamentin plenar iclasına tövsiyə olunub. 

 
APA TV-nin məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövləti başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı göndərdiyi təklif müzakirəyə çıxarılıb.

 

Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi Natiq Hüseynov bildirdi ki, mövcud dəyişiklik cəmiyyətdəki qeyri-qanuni hüquqpozmaların qarşısını alacaq: "Biz kifayət qədər məlumatlıyıq ki, ölkə başçısı, ayrı-ayrı şəxslər, hökumət nümayəndələri, konkret vətəndaşlarla bağlı (bu vətəndaşlar ictimai fəal şəxslər də ola bilər) internetdə, sosial şəbəkədə kifayət qədər həqiqətə uyğun olmayan, yalan informasiyalar yayılır. Məqsəd ondan ibarətdir ki, hər bir vətəndaşın hüquqlarının, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin qorunması üçün bu dəyişikliyin edilməsi təklif edilib".

 

Bundan başqa, internet informasiya ehtiyatında son vaxtlar rast gəldiyimiz kimi bir sıra saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi halları cinayət məsuliyyəti yaradacaq.

 

Yeni maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR