PYD və Türkiyə ordusu arasında Əl-Bab döyüşü başlayır

PKK-nın Suriya qanadı olan PYD/YPG terrorçuları Türkiyəni işğalçı adlandırıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PYD/YPG Türkiyənin hədəfində olan Əl Bab şəhərinə 3 istiqamətdən hücuma hazırlaşır.


PYD/YPG-nin nəzarətində olan Haseke bölgəsində - Hümeylanda ABŞ nümayəndələri ilə görüşən terrorçuların komandiri Şərvan Dərviş məlumatı təsdiqləyib. O, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun hücumlarına cavab verəcəklərini bildirib.

Bundan əvvəl rusiyalı mütəxəssislər tərəfindən təlim görən terrorçulara indi ABŞ, Britaniya və Almaniyalı hərbçilər tərəfindən təlim keçirildiyi məlum olub. Terrorçuların Afrindəki iki hava limanı və Əsəd qüvvələrinin nəzarət etdiyi Nubbul-Zəhra bölgəri vasitəsilə ağır silahlarla təmin edildiyi deyilir.

ABŞ-ın bundan öncə PYD/YPG ilə Suriyanın şərqində Rəqqa əməliyyatına başlayacağı bildirilsə də, indi terrorçulara əks istiqamətdə - Tefer Cenne, Mabatlı, Meydanki və Mennaq bölgələrində helikopterlər vasitəsilə təyyarələrə qarşı raketlər, yarı avtomatik piyada silahları, minalarar verildiyi iddia edilir.

Bu arada Azad Suriya Ordusu Afrinə silah-sursat daşıyan qrupa qarşı əməliyyat həyata keçirib. Müxaliflər qruplaşmanın rəhbərlərinin təslim olmasını tələb edir.

Baş verən hadisələr və silah qaçaqmalçılığının Türkiyənin Öncüpınar Gömrük qapısının yaxınlığında baş verməsi səbəbindən keçid məntəqəsi birtərəfli bağlanıb.

Məntəqənin yalnız fövqəladə vəziyyətdə və güclü nəzarət altında açılacağı bildirilir. Bu arada isə döyüşlərdə yaralanan 16 nəfər Kilisə gətirilib, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin müdafiə naziri Fikri İşık isə bildirib ki, PYD terrorçuları Əl-Bab şəhərinə yaxınlaşacağı halda, bu, onlara baha başa gələcək. 

“Əgər PYD terrorçuları Suriyanın şimalındakı rayonları birləşdirmək planlarından vaz keçməyəcəklərsə, bu, onlara çox baha başa gələcək. Ankara PYD-nin Əl-Bab şəhərinə yaxınlaşmasını istəmir. Xatırlatmaq istərdim ki, Türkiyə Əl-Bab mövzusuna çox həssas yanaşır. Bu hamıya məlumdur. PYD terrorçuları əvvəllər də bu şəhəri zəbt etməyə çalışıblar, lakin geri oturdulublar”. 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR