12 yaşın mübarək, APA!
Azərbaycanda operativ və dəqiq informasiyanın mənbəyi sayılan APA İnformasiya Agentliyinin 12 yaşı tamam olur. İldən-ilə öz işini təkmilləşdirən, informasiya bazarında yerini möhkəmlədən, fəaliyyətində innovativ yenilikləri elə öz fəaliyyət prinsipinə uyğun olaraq operativ və dəqiq şəkildə tətbiq edən APA-nın təkcə yaşı deyil, uğurları da artır. Elə bu səbəbdəndir ki, əsası 2004-cü il noyabrın 16-da qoyulan agentlik yenə də ölkənin aparıcı kütləvi informasiya vasitələri sırasında dəqiq xəbər mənbəyi hesab olunur.
"APA Holding"in Direktorlar Şurasının sədri Nurşən Quliyev deyir ki, bu illər ərzində APA-nın bir çox uğurlara imza atıb: “12 il əvvəl qarşımıza qoyduğumuz hədəflərin əksəriyyətinə çatmışıq. Azərbaycanda, regionda, MDB məkanında, hətta mən deyərdim ki, Avropada tanınmış informasiya agentliklərindən birinə çevrilmişik. Hədəflər gündən-günə daha da böyüyür, miqyası daha geniş götürməyə başlımışıq. Düşünürük ki, məqsədimiz uğrunda irəliləyəcək, qarşımıza qoyduğumuz yeni-yeni hədəflərə çatacağıq”.
Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
APA Hondingin I vitse-prezidenti Şahin Cəfərli Azərbaycanda bir çox media layihələrinin uğurla başa çata bilmədiyini xatırladıb: “APA yaxşı ki, o yarımçıq layihələrin aqibətini yaşamadı və Azərbaycan media məkanına öz möhürünü vura bildi. Mən bu 12 il ərzində APA-nın uğurlarında az, ya çox dərəcədə rolu olan bütün jurnalistləri təbrik edirəm və onların hamısına uğurlar arzulayıram”.
Agentlik həftənin bütün günləri beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin redaktoru Məhbubə Qasımbəyli deyir ki, APA-nın qiymətini Azərbaycan oxucuları verib: “APA-ya hər zaman birincilik arzulayıram, doğru xəbərin, etibarlı xəbərin ünvanı olmağı arzulayıram. APA-nın qurucularını, APA-nı yaradanları təbrik edirəm, oxucularımızı təbrik edirəm. Daha böyük nailiyyətlər arzulayıram”.
Agentliyin foto fondunda 250 000-dən çox şəkil var. APA “Global Certfication Limited” şirkətinin “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.
Agentlik 2012-ci ildən etibarən “APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.
Agentliyin redaktoru Gülşən Hacıyeva hesab edir ki, APA-nın xüsusi təqdimata, xüsusi tərifə ehtiyacı yoxdur: “APA-nın tədimatı da, tərifi də onun gördüyü işdir. Bu qurum 12 ildir yaranıb və ilk qurucularından biri də mənəm. 12 ildə hər gün eyni həvəslə işə gəlirəmsə, deməli, APA gerçəkdən bizə istədiyimizi verir, bizi xoşbəxt edən bir iş yeridir. Mən də APA ailəsinin bir üzvü kimi 12 ildir burada olmaqdan qürur duyuram”.
“APA-Ecomomics”in baş redaktoru İlkin Əhmədov APA İnformasiya Agentliyinin 12 yaşı münasibətilə bütün holdinq əməkdaşlarını təbrik edib: “APA Holding APA agentliyindən başlayaraq belə nəhəng bir brendə, holdinqə çevrilib. Mən də bu holdinqdə çalışmaqdan həqiqətən də qürur hissi keçirirəm. APA haqqında nə isə deməyə ehtiyac yoxdur, çünki APA özünü informasiya məkanında və beynəlxalq areanda təsdiqləmiş bir brenddir. Rəhbərliyə, bütün kollektivə uğurlar arzulayıram”.
Biz də APA TV olaraq həmkarlarımızı təbrik edir, uğurlarının davamını diləyirik. 12 yaşın mübarək, APA!
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər