Qüdrət Həsənquliyev: “Hakimlər çox yüklənir, belə vəziyyətdə keyfiyyətli işdən söhbət gedə bilməz”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputat Qüdrət Həsənquliyev məhkəmələrin fəaliyyətindən narazılığını bildirib.

 

APA TV-nin məlumatına görə, Q.Həsənquliyev bildirib ki, hakimlər işlə çox yüklənir: “Bu yaxınlarda bir məhkəmə sədri ilə söhbət etdim. Mənə dedi ki, təkcə noyabr ayında məhkəməyə 17 min mülki xarakterli iş daxil olub. Biz əgər bunu günlər üzrə hesablasaq, bir hakimin üzərinə bir günə minimum 9 iş düşür. Belə olan halda hansısa keyfiyyətli işdən söhbət gedə bilməz. Buna görə də məhkəmələr gözdən düşür, ədalətsizliyə yol verilir. İşlərin çoxluğundan, zaman olmaması ucbatından bu kimi problemlər ortaya çıxır. Ona görə də hakimlərin sayını artırmaq lazımdır. Vəkillərin də sayının artırılması yaxşı olardı. Paralel olaraq hakimlərin əmək haqlarının artırılması məsələsi yerinə düşərdi. Belə olan halda hakim ləyaqətli həyatını aldığı maaş hesabına təmin edə bilər. Biz vaxtilə həyəcan təbili çalırdıq ki, hüquq-mühafizə orqanları iş adamlarına fəal müdaxilə edir. Çox təəssüf ki, indi də buna əməl etməyənlər oldu. Əməl olunmadığına görə də indi onun məhkəmələrdə ağır nəticələrini görürük”.

 

İclasda “Əmək” ordeni təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

Təklif edilən dəyişikliyə əsasən, “Əmək” ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək. Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.

 

“Əmək” ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda “Vətənə xidmətə görə” ordenindən sonra taxılır.

 

Bundan başqa, iclasda Cinayət Prossesual Məcəlləsinə (CPM) hüquqi şəxslərin cinayətə cəlb olunması ilə bağlı yeni - "Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat" adlı fəslin əlavə edilməsi təklif edilib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında çıxış edən komitə sədri Əli Hüseynli qeyd edib ki, bu fəsildə hüquqi şəxs barəsində ibtidai və məhkəmə istintaqının obyektiv aparılması və düzgün qərar verilməsi üçün bütün müddəalar öz əksini tapıb.

 

Təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR