Təhsil Nazirliyi: Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı 40 faizədək artacaq

“Diaqnostik qiymətləndirmədə məqbul nəticə göstərən müəllimlərin əmək haqqının 40 faizədək artımı gözlənilir”. APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, müəllimlərin maaşının artırılmasında fəxri ad alması, iş stajı, ali təhsilli olması kimi amillərinin də təsiri olacaq: "Biz rayonlarda müəllimlərin maaşlarını hesablayan baş mühasiblər üçün təlimlər keçirik. Müəllimlərin maaşındakı bu artım yanvarın 1-dən hesablanacaq. Bu il hər rayon üzrə 100-200 arası müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub ki, onların da 40-50 nəfəri bu il yeni işə qəbul olunub. Qalanları isə ötən il müəyyən səbəblərdən diaqnostik qiymətləndirməyə qatılmayıb. Ötən il 10 faizdən aşağı nəticə göstərən müəllimlərin sayı qiymətləndirmədə iştirak edən ümumi müəllimlərin 1 faizini təşkil edib". 

 

Şöbə müdiri əlavə edib ki, bu il ilk diaqnostik qiymətləndirmə noyabrın 21-23-də Qubada təşkil olunacaq. Ümumilikdə bu il diaqnostik qiymətləndirmədə 37 min müəllimin iştirakı nəzərdə tutulur: "3 gün davam edəcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq".

 

Qurum rəsmisi qeyd edib ki, 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq.

 

Eşqi Bağırovun sözlərinə görə, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə “Simulyativ test” bölməsi yaradılıb.

 

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR