İsmayıllıda torpaq sürüşməsi: İstisu kəndi torpaq altında qala bilər
İsmayıllı rayonunda kənd yaşayış məntəqələri dağlıq ərazidə yerləşdiyi üçün torpaq sürüşməsi baş verən zaman ən çox əziyyət çəkən insanlar həmin ərazidə yaşayanlardır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.
Yerli sakinlərin sözlərinə görə, torpaq sürüşməsi kəndin 3 tərəfindəki dağ yamacında baş verib. Hazırda sürüşmə ərazisi genişlənərək evlər üçün də təhlükəli vəziyyət yaradır.
Kəndin yaşlı sakinləri deyirlər ki, bu vaxta qədər bu ərazilərdə torpaq sürüşməsi qeydə alınmayıb.
Torpaq sürüşməsinin İstisu kəndinin şimalındakı dağlıq ərazidə aktivləşməsi sakinləri daha çox narahat edir. Hazırda torpaq sürüşməsi davam edir və getdikcə geniş ərazini əhatə edir. Sakinlərin həyətyanı sahələrində və meyvə bağlarında böyük yarğanlar əmələ gəlib, yeraltı sular üzə çıxıb. Kənddəki evlərin bir çoxunun torpaq altında qalmaq təhlükəsi olduğundan, insanlar təşvişə düşüb. Meyvə ağacları və hasarlar torpağın altında qalıb. Hazırda kəndin 3 tərəfindəki dağ yamacında torpaq sürüşməsi davam edir və torpaq axını tədricən çökək ərazidəki evlərə doğru hərəkət edir.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayevin sözlərinə görə, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin birgə rəyindən sonra həmin evlərdə yaşayan insanların təhlükəsiz əraziyə köçürülməsi barədə qərar qəbul edilib. Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si tamamilə dağılıb, 103 evin divarlarında isə iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Rövşən Ağayevin sözlərinə görə, yaşayış üçün yararsız olan bir neçə evin sahibinə kompensasiya ödənilib. Bir ev tikilərək sahibinə verilib və ötən ildən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 yeni evin inşasına başlanılıb. Hazırda həmin evlərin tikintisi yekunlaşmaq üzrədir. Digər qəzalı evlərin sahibləri üçün yeni mənzillərin tikintisinə qərar verildikdə, işlərə başlanacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər