Gənclər və İdman Nazirliyində iki sektor müdiri işdən çıxarıldı
Gənclər və İdman Nazirliyində iki sektor müdiri vəzifəsindən azad edilib. APA TV-nin xəbərinə görə, bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"Nəzarətimdə olan 6 sektordan ikisinin rəhbəri öz istəyi ilə ərizələrini yazıb, vəzifəsindən kənarlaşıb. Hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlarda Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar. Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq" - deyən yeni şöbə müdiri gələcək planlarından danışıb. Bildirib ki, əsas diqqət idman məktəblərinə yönələcək: "Uşaq-gənclər idman məktəbi fundamental idmançı bazamızdır, bizim idmançıların arxası gəlməlidir, onda rəqabət daha da güclü olur. Rəqabət uşaq-gənclər idman məktəbindən başlamalıdır".
Olimpiya çempionu məktəblərdə idmançı-məşqçi problemi ilə bağlı məsələlərə də aydınlıq gətirib. O vurğulayıb ki, hansısa məşqçinin adı var, özü yoxdursa, qrup dərhal bağlanacaq: “Bu, idmanımızı şikəst edən bir şey sayılır. Əgər şəxs uşağını voleybol qrupuna aparır və orda müəllim olmursa, bunun qarşısını alacağıq”.
Fərid Mansurov güləş yığmalarında məşqçi dəyişikliyinə də münasibət bildirib: “Komandalarımız yerli mütəxəssislərə tapşırılmaqla düzgün addım atılıb. Onların fəaliyyət dövründə öz uğurları var”.
Mansurov yığmamızdakı legionerlərdən razı qaldığını deyib. Onun sözlərinə görə, həmin əcnəbilər bayrağımızı qaldırır və bizə uğur qazandırır: “Əsas məqsəd onların yerli gənclərlə əvəz olunmasıdır. Buna elə də çox qalmayıb. Lakin bəzi növlərdə həqiqətən də legionerə ehtiyac var. İdmanda isə rəqabət lazımdır".
Qeyd edək ki, Azərbaycan 2016-cı ilin ilk 9 ayında 512 medal əldə edib. Medallardan 121-nin əyarı qızıl olub. Azərbaycan idmançıları həmçinin 146 gümüş və 245 bürünc medala layiq görülüblər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər