Azərbaycan-Rusiya sərhədində yük maşınlarının sıxlığı aradan qaldırıldı
Son günlər Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problem aradan qaldırılıb. Bu barədə APA TV-nın yerli bürosuna Samur gömrük-keçid məntəqəsinin rəis müavini Cavid Nadirov məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi ilə aparılan danışıqlardan sonra gün ərzində qonşu ölkəyə buraxılan maşınların sayı artıb. “Hazırda gündəlik 150-160 yük maşını Rusiyaya keçir. Bundan əvvəl isə bu rəqəm 100 idi”.
Sürücülər də problemin aradan qaldırıldığını təsdiqləyib.
Arif Hüseynov, sürücü: "Yaxşıdır vəziyyət, lap əladır. Mən axşam 12-də gəlmişəm. Maşın da həddən artıq çox idi. Yaxşı işləyirlər. Mən də çatıram qapının ağzına".
Xanlar Həsənov, sürücü: "Vəziyyət lap yaxşıdır. Bunu kim təşkil edibsə, Allah canını sağ eləsin. Axşam 200-ə qədər maşın var idi. Biz elə fikirləşirdik ki, 3 gün burda olacağıq. Amma indi görürəm ki, bu gün axşama da biz keçərik. Görünməmiş bir işdir. Kim təşkil edibsə, Allah canını sağ eləsin. İstəyirik ki, həmişə belə olsun".
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitə rəhbərliyinin Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 nəqliyyat vasitəsinin sərhədi keçməsi təmin edilib.
Qeyd edək ki, mövcud vəziyyətlə tanış olmaq üçün noyabrın 12-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda olub. Bundan əlavə, problemi aradan qaldırmaq məqsədilə iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə görüş keçirilib.
Bu gün isə Aydın Əliyevlə Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib. Komitə sədri iki ölkə sərhədində yaranan nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problemin operativ şəkildə həllinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər