Prezident İlham Əliyev: “Bir qarış torpaq da boş qalmamalıdır”
“Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır”. APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlığı zamanı bildirib.
Dövlət başçısı deyib ki, müəssisədə ərzaq buğdası üzrə məhsuldarlıq hektardan 57 sentnerdir və bu, rekord göstəricidir. Çünki ölkə üzrə orta məhsuldarlıq 30 sentnerdir.
Prezident əlavə edib ki, Azərbaycanın özünü buğda ilə təmin edə bilməməsinin obyektiv səbəbləri var:
“Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik”.
Dövlət başçısı deyib ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar:
“Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq”.
Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir.
Dövlət başçısı deyib ki, hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir:
“Biz artıq bu məqsədə çox yaxınlaşmışıq. Hələ ki, süd məhsulları ilə özümüzü təqribən 80 faiz təmin edirik. Buğda ilə özümüzü hələ ki, tam təmin edə bilmirik. Digər əsas ərzaq məhsulları da Azərbaycanda istehsal olunur”.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər