Tramp keçid administrasiyası formalaşdırır, komandaya Mayk Pens rəhbərlik edəcək

Trampın müvəqqəti administrasiyasına vitse-prezident Mayk Pens rəhbərlik edəcək. APA TV-nin məlumatına görə, Mayk Pens bu postda Trampın müşaviri olmuş Nyu-Cersi qubernatoru Kris Kristini əvəzləyəcək. Yeni seçilmiş prezident bu dəyişikliyi yeni komandanı sürətlə formalaşdırmaq məqsədilə edib. Tramp öz komandasını formalaşdırmaqda Mayk Pensin Vaşiqntondakı təcrübə və əlaqələrinə arxalanır.

 

Kris Kristi, Nyu-Yorkun sabiq meri Rudolf Culiani, istefada olan general Maykl Flinn keçid administrasiyasında Mayk Pensin müavinləri olacaqlar. Trampın müvəqqəti administrasiyasına Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Rens Pribas, "Pay Pal"ın həmtəsisçisi Piter Til, yeni prezidentin seçki qərargahının sabiq direktoru Stiven Bennon da daxil olacaqlar.

 

"Politico" nəşri isə keçid komandasına Trampın övladları İvanka, Erik və kiçik Donald Trampın da daxil olacağını yazır. Yeni prezidentin baş müşaviri Kellian Konuey olacaq, Xoup Xiks mətbuat katibi vəzifəsində qalacaq.

 

T​​he Washington Post iki mənbəyə istinadən Trampın Pentaqon rəhbəri postuna senator Kelli Ayottu təyin edəcəyini yazıb. Bu posta digər namizədlər sırasında istefada olan general Cozef Kelloq, ABŞ hərbi kəşfiyyatının sabiq rəhbəri Mayk Flinn və Alabana senatoru Ceff Sessionsun adları çəkilir. Mənbə bildirib ki, Kelli Ayott Pentaqon rəhbəri təyin olunsa, Senat bu təyinatı məmnuniyyətlə təsdiqləyəcək.

 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama öz xələfi ilə görüşdən sonra bildirmişdi ki, hakimiyyətin dinc yolla ötürülməsi ABŞ demokratiyasının təməl daşlarından biridir və ABŞ bu ənənəyə sadiq qaldığını yaxın bir neçə ay ərzində bütün dünyaya yenidən nümayiş etdirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR