Masallının iki yaşayış məntəqəsində torpaq sürüşməsi aktivləşib

Son günlər davam edən qeyri-sabit hava şəraiti Masallıda yenidən torpaq sürüşmələrinə səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, torpaq sürüşmələri əsasən rayonun Güllütəpə və Zuvand kəndlərində müşahidə olunmaqdadır. Bu yaşayış məntəqələrinin ərazisindəki əkin sahələrində qeydə alınan torpaq sürüşmələri yerli sakinlər üçün təhlükəyə çevrilib. Torpaq sürüşməsi Güllütəpə kəndində dörd vətəndaşın pay torpağını əhatə edib. Bu səbəbdən həmin ərazilərdə sakinlər əkin apara bilmirlər.

 

Burada torpaq qatı təqribən 150 metr uzununa və 50 metr eninə sürüşüb. Sakinlərin sözlərinə görə, onlar mal-qaranı örüşə buraxa bilmirlər.

 

Zahid Mütəllimov, kənd sakini: “Yağışlı havalarda sürüşmə aktivləşir. Təhlükəli zonadır. Bizim mal-qara otardığımız sahələrdir. Həddindən artıq təhlükəlidir. İri çatlar əmələ gəlib. Mal-qaranın ayağı çatlayan yerlərə düşə bilər. Təhlükə davam edir”.

 

Asif Bünyatov, kənd sakini: “Yağış yağandan sonra sürüşmələr baş verib. Əsasən otlaq sahələrimizdir. Nə əkin əkmək olur, nə də heç bir şey. Bizim evlərin üstündən də sürüşmələr baş verir”.

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi Əlövsət Muradovun verdiyi məlumata görə, kənddə 60 sot ərazidə dərin yarğanlar əmələ gəlib. Yağıntı düşən kimi sürüşmə aktivləşir:

 

“Sürüşmə faktları rayonun icra strukturlarının, o cümlədən, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq qurumları da sürüşmə baş verən ərazidə mütəmadi monitorinqlər aparırlar. Hazırda sürüşmə aktivliyi dayanıb. Amma yenidən yağıntıların düşəcəyi təqdirdə sürüşmələrin aktivləşəcəyi qaçılmazdır”.

 

İcra nümayəndəsi bildirib ki, rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndində isə torpaq sürüşmələri daha çox fərdi evlər üçün təhlükə yaradıb. Burada yaşayış olmayan bir evin divarlarında çatlar əmələ gəlib, digər evlər üçün isə hələlik təhlükə gözlənilmir.

 

Qeyd edək ki, Masallı rayonunun sözügedən yaşayış məntəqələrində 2008-ci ildə də torpaq sürüşmələri faktı qeydə alınıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR