Azərbaycanda ağac kəsməyə görə cəzalar sərtləşdirildi

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. APA TV-nin məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edərək birbaşa gündəliyə keçib.

 

Gündəliyə 26 məsələ daxil edilib. İclasda “Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub.

 

Layihəyə əsasən, Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.

 

Müzakirələrdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır.

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar da sərtləşdirilib. Deputatlar ağacların, yaşıllıqların məhvinə görə cəzaların ağırlaşdırılmasını tələb ediblər.

 

Fərəc Quliyev bildirib ki, yaşıllıqların məhvi ilə əlaqədar daha sərt addımlar atılmalıdır. O qeyd edib ki, Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər.

 

Oqtay Əsədov isə deyib ki, yaranmış vəziyyətə görə cərimələr daha da sərtləşdirilir: “O ki qaldı buradakı çıxışlara, səslənən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır”.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, zamanında yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, ancaq indi məsələni aktual edən qanunsuzluqların artmasıdır: “Qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir”.

 

Qüdrət Həsənquliyev isə Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğuna diqqət çəkib: “Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığı naminə yaşıllıqları qorumalı və artırmalıyıq”.

 

Deputat sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklik təklifinə toxunaraq, bunun az olduğunu söyləyib: “O şəxs ağacı kəsdikdən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmur işdən azad olunmalıdır. Qanundan alternativ sanksiya çıxarılmalıdır. Çünki alternativ sanksiya nəzərdə tutulanda, məhkəmə daha yüngül cəza verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən çıxarılması olmalıdır”.

 

Daha sonra Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Cinayət Məcəlləsinin 259-cu maddəsinə edilən dəyişikliyə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda, beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

Bundan başqa, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililərini məhv etmə və ya korlama külli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulub.

 

Hər iki layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR