Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ərazidə təxminən 250-dək yük maşını Rusiyaya keçmək üçün növbə gözləyir. Sürücülərin sözlərinə görə, 2 gündür qonşu ölkəyə keçməkdən ötrü gözləyirlər.

 

Xaliq Süleymanov, sürücü: "Dünən saat 6 tamamdan gəlmişik, indi də saat 12 tamamdır. Düz 1 sutka 4 saatda 2.5 km yol gəlmişik. Mal sahibi də zəng vurub başımızı xarab edir. Bu mal batsa, sürücü cavabdehdir. Məndən başqa burda olan sürücülər də əziyyət çəkirik tozun-torpağın içində".

 

Rusiyaya müxtəlif çeşidli mal aparanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Rusiya və İrandan olan sürücülər də var. Onlar problemin Rusiya tərəfi ilə bağlı olduğunu bildirirlər.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən isə APA-ya son 2 gündə "Samur" gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinin nisbi sıxlığının müşahidə olunmasını təsdiqləyiblər: "Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır".

 

Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR