Alman nazir: "Tramp, NATO sənin üçün biznes deyil!"

Almaniyanın müdafiə naziri Ursula Fon Der Lyaen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa xəbərdarlıq edib.

 

APA TV-nin xəbərinə görə, nazir NATO-nun Rusiyaya qarşı seçdiyi mövqeyə sadiq olmağa və alyansın işlərinə biznes kimi yanaşmamağa çağırıb: "NATO hər hansısa bir müəssisə deyil. Təmsil etdiyimiz dəyərlər hər birimiz üçün qazanacağımız pul və ya istənilən anlaşmadan daha önəmli olmalıdır. Heç bir ölkə bu formada idarə olunmaz. Bu, ilk növbədə NATO-nun prinsiplərinə ziddir".

 

Bundan əlavə, nazir yeni seçilmiş Ağ Ev rəhbərini Rusiyaya qarşı mövqeyini qətiləşdirməyə və NATO-nun prinsiplərindən uzaqlaşmamağa çağırıb: "Tramp nəyin tərəfində olduğunu dəqiq müəyyən etməlidir. O, ya ədalət, problemlərin sülh yolu ilə həlli və ya demokratiyanı seçməli və ya ümumiyyətlə hər şeydən kənarda olmalıdır".

 

Alman nazir Rusiya prezidenti Vladimir Putin ilə bağlı məsələyə də toxunaraq, onunla ünsiyyətdə olarkən həm Krımın ilhaqını, həm də Hələbin bombardman edilməsini unutmağın yersiz olduğunu qeyd edib.

 

Qeyd edək ki, prezidentliyə namizəd olduğu vaxtlarda milyarder Donald Tramp bir neçə dəfə alyansın fəaliyyətinə ayrılan maliyyənin artırılması və  qurumun ABŞ-ın hərbi gücünə güvənməsinin əbəs yerə olduğu barədə fikirlər səsləndirib. O, həmçinin təşkilat üzvlərini tənqid edərək, onları ABŞ-ın pullarını sadəcə olaraq, talan etdiyini, buna rəğmən B. Obama administrasiyasının heç bir tədbir görmədiyini bildirib.

 

Qeyd edək ki, Ağ evin yeni rəhbəri eyni zamanda dəfələrlə İŞİD terror qruplaşmasına qarşı birgə mübarizə məsələsində Vladimir Putinlə razılığa gəlməyə və rəsmi Moskva ilə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR