Uşaqları kollektiv həyata necə hazırlayaq? - REPORTAJ

Bu il ilk dəfə olaraq Bakı məktəblərində məktəbəqədər hazırlıq qrupları təşkil edilib. Bu qruplara 2011-ci il təvəllüdlü, 5 yaşı bu il tamam olmuş 20400-ə yaxın uşaq cəlb olunub.

 

APA TV-nin xəbərinə görə, 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb.

 

Bəs bu qruplarda məşğələlər necə keçirilir? Uşaqların ibtidai təhsilə hazırlığı necə təşkil olunur? Bu və digər suallara cavab tapmaq üçün Bakı şəhəri Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbə üz tutduq.

 

Bu məktəbdə məktəbə hazırlıq məqsədilə 5 qrup təşkil olunub. Azərbaycan bölməsində hər birində 30 nəfər olmaqla 90 uşaq təhsil alır. Bu bölmədə onlara yazmağı, oxumağı ömrünün 35 ilini müəllimlik sənətinə həsr edən Təranə Rüstəmova öyrədir. O, bir neçə il öncə “İlin müəllimi” seçilib. Təranə müəllimə məktəbəhazırlıq qruplarının təşkil olunmasını müsbət qiymətləndirir: “Mən bu təşəbbüsü bir ibtidai sinif müəllimi kimi gözəl qiymətləndirirəm. Bizim üçün uşaqların birbaşa evdən məktəbə gəlməsi çətinlik yaradırdı, yaxud çox az qismi belə təlimlərdə iştirak edib məktəbə gəlirdi. Bizim üçün də çətinlik yaranırdı. Çünki sinfin yarısı hazırlıqlı idi, digər yarısı isə dediyimizi çətinliklə anlayırdı. Amma bundan sonra onlar I sinfə tamamilə hazırlıqlı gedəcəklər. Son illər təhsildə yeniliklər çoxdur. Uşaqların tələbləri də başqadır. Buna görə də uşaqların I sinfə hazırlıqlı gəlməsi biz müəllimlər üçün çox əlverişlidir”.  

 

Məşğələlər bir aya yaxındır başlanıb. Konkret qrafik müəyyən olunub - həftədə 4 gün 3 saat. Təranə müəllimə bildirib ki, gələndə ad, soyadını belə çətinliklə deyən uşaqlar bu gün fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər: “İlk gün onlar ad, soyadlarını, ata adlarını düzgün deyə bilmirdilər. Bir aydır dərsə başlamışıq. Amma indi xeyli irəliləyiş var. Artıq uşaqlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bir aydan çox böyük yol qət etmişik. Dərs saat 3-ün yarısı başlanır. 3 saat dərs keçirik. Hər dərsin arasında 10 dəqiqə tənəffüsdür. Cədvəlimiz, saat qrafikimiz var. Dərslər standartlar əsasında keçilir”.  

 

Uşaqların hazırlıq səviyyəsinə gəlincə, mənzərə qaneedicidir. Onlar arasında yazmağı da sevən var, oxumağı da. Bəziləri isə boyamaqdan zövq alırlar.

 

Məktəbəqədər hazırlıq qrupları Azərbaycan və rus dillərində təşkil olunub. Rus bölməsində dərs deyən Nigar Qasımova bildirib ki, ilk günlər uşaqlarda adaptasiya problemi var idisə, zamanla aradan qalxır. Uşaqların qavrama qabiliyyəti qənaətbəxşdir ki, bu da məşğələ prosesini xeyli asanlaşdırır: “İlkin mərhələdə bəzi uşaqlarda kollektivə öyrəşməkdə çətinlik oldu. Amma indi öyrəşiblər və proses rahat gedir. Hazırlıqlı gələnlər demək olar ki, yox idi. Uşaqlar artıq hərfləri tanıyırlar. Şəkil üzrə danışmağı bacarırlar, verilən tapşırıqları yerinə yetirirlər. Məntiqi və riyazi təfəkkürdən rəqəmləri seçə bilirlər”.

 

Məşğələlər zamanı müxtəlif oyunlar oynanılır, cizgi filmləri izlənilir. Bu da onların yeni dərsi daha rahat qavramalarına şərait yaradır: “Uşaqların yaşını nəzərə alaraq məşğələlərimizi onların maraq dairəsini əhatə edərək oyun şəklində qurmağa çalışırıq. Təbii ki, uşaqların yaşına baxaraq cizgi filmlərindən istifadə edirik”.

 

Nigar müəllimənin sözlərinə görə, rus bölməsində təhsil alan uşaqlar da məşğələlərə həvəslə gəlir, verilən tapşırıqları asan şəkildə mənimsəyirlər.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakıda 2011-ci ildə doğulan uşaqların 55%-i təlimlərə cəlb olunub. Növbəti illərdə təbii ki, bu say artacaq və 2020-ci ilədək 90% uşağın ödənişsiz əsaslarla məktəbəqədər hazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR