Bakıda minik avtomobili qatarla toqquşdu: ölən və yaralanan var - TƏFƏRRÜAT
Bakıda minik avtomobili ilə yük qatarının toqquşması BŞBPİ DYPİ-nin əməkdaşlarını hərəkətə gətirib.
APA TV-nin məlumatına görə gecə saatlarında Xəzər rayonunun Qala yolunda qeydə alınan qəzada bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.
Çəkiliş qrupumuz hadisə yerində olarkən Xəzər DYPB-nin əməkdaşları Şəhər Polis İdarəsinin, eləcə də "Azərbaycan Dəmir Yolları" QSC-nin məsul şəxsləri hadisə yerində araşdırmalarını davam etdirirdilər.
Məlum olub ki, 12 metr eni olan Qala-Zirə magistral yolu yeni təmir olunub. Yolun 2-ci km-də yük qatarları hərəkət edir. Gecə baş verən qəza da ötən ay olduğu kimi, eyni yolda, yəni yolun sağ tərəfində qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Vahid Ələkbərovun idarə etdiyi “VAZ-21074” markalı, 90 HH 778 dövlət nömrə nişanlı avtomobil yük qatarına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 49 yaşlı Akif Alıyev hadisə yerində ölüb. Sürücü Vahid Ələkbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Yol polisi əməkdaşları hesab edir ki, hadisədə sürücü məsuliyyətsizliyi olsa da, uzaqdan gələn yük qatarının görünməməsi daha ciddi səbəbdir. Belə ki, yolun sağ tərəfində, qatar reyslərinə qədər olan məsafə hasara alındığından sürücü tindən qatarın çıxacağını güman etməyib və STOP işarəsinə fikir verməyib. Yol polisi hesab edir ki, bu yolda "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən mütləq işıqfor quraşdırılmalıdır. Əks halda, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı arta bilər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə APA TV-yə bildirib ki, adı çəkilən yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi sürücünün yol nişanına fikir verməməsi ucbatından baş verib. O ki qaldı yol polisinin ərazidə işıqforun quraşdırılması təşəbbüsünə, Əzməmmədov bu barədə onlara yazılı şəkildə müraciət daxil olmadığını bildirib.
Qeyd edək ki, magistral yolda sürət həddi nişanı da göstərilməyib. Bu isə növbəti qatar-avtomobil toqquşmasını istisna etmir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər