Beynəlxalq Enerji Agentliyindən şok hesabat: neft yenidən ucuzlaşmağa başladı

Beynəlxalq Enerji Agentliyinin son hesabatı neftin qiymətini sürətlə ucuzlaşdırıb. Hesabatda bildirilir ki, əgər OPEK hasilatı azaltmasa, neft bazarı 2017-ci ildə də təklifin tələbi üstələməsi problemi ilə üzləşmiş olacaq. Çünki neft hasilatçısı olan bütün ölkələr hasilatı dayanmadan artırır, tələbat isə gündən-günə azalır.

 

Agentliyin aylıq hesabatında deyilir ki, oktyabrda bazara çıxarılan neftin həcmi 800 min barel artaraq sutkalıq 97,8 milyon barelə çatıb. Həm OPEK ölkələrində, həm də kartelə üzv olmayan Rusiya, Braziliya, Kanada və Qazaxıstan kimi dövlətlərdə hasilat rekord səviyyəyə çatıb.

 

Agentlik 2016-cı ildə gündəlik hasilatın 1,2 milyon barel səviyyəsində olacağına dair proqnozunu dəyişməyib. 2017-ci il üçün də analoji proqnoz qüvvədə qalıb.

 

Bu hesabatdan sonra neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. Birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 45,73 dollar səviyyəsinə düşüb, Qərbi Texas nefti isə 44,52 dollardan satılmağa başlayıb. Neftin ucuzlaşmasına təsir göstərən faktorlar OPEK üzvlərinin razılıq əldə etmə ehtimalının azalması, ABŞ-ın neft ehtiyatlarının ikinci həftədir artması, Donald Trampın prezident seçilməsinin bazarlar tərəfindən risk kimi dəyərləndirilməsidir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR