Trampın qələbəsi nefti bahalaşdırdı - SÜRPRİZ

Donald Trampın seçkilərdə qələbəsindən şoka düşmüş maliyyə və xammal bazarları özünə gəlməyə başlayıb. Seçkilərin ilkin nəticələri məlum olduqdan sonra birjalarda "Brent" markalı neftin qiyməti 44,45 dollara kimi ensə də, sonradan qiymətlər 46,81 dollara kimi bahalaşıb. Hazırda bu markadan olan neftin bir bareli 46,34 dollardan təklif olunur. Qərbi Texas nefti seçkilərin nəticələrinə daha çox məruz qalıb. Dünən səhər saatlarında WTİ nefti 43,13 dollara kimi ucuzlaşsa da, sutka ərzində 2 dollar dəyər qazanmağı bacarıb. Birjaların bu gün keçirilən səhər seanslarında Qərbi Texas nefti 45,13 dollardan satılır.

 

Analitiklər hesab edir ki, Trampın qələbəsi neftin bahalaşması üçün münbit şərait yarada bilər. Yeni prezident İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə imzalanmış razılaşmaya qarşıdır və Tehrana qarşı sanksiyaların bərpasını istəyir. Bu durum bazara çıxarılan neftin həcminin azalmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər. Bundan başqa Trampın proteksionist siyasətə meyl etməsi ABŞ-da iqtisadi inkişaf tempinin azalmasına səbəb ola bilər, bu isə öz növbəsində neftin qiymətlərinə təzyiqi artıracaq.

 

Xatırladaq ki, ABŞ Enerji İnformasiya İdarəsi ötən həftə ərzində ölkənin neft ehtiyatlarının 2,4 milyon barel artdığını açıqlayıb. Ehtiyatların artması neftin qiymətinin bahalaşması prosesini bir qədər zəiflədib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR