Ağdaşda törədilən qətlin təfərrüatı məlum oldu - SİFARİŞLİ QƏTL İDDİASI
Ağdaş rayonunda xüsusi amansızlıqla törədilən qətl hadisəsinin bəzi detalları məlum olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov yol kənarındakı avtoyuma məntəqəsinin yanında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı dostluq etdiyi rayonun Qolqəti kənd sakini, 1970-ci il təvəllüdlü Baxşəliyev Abubəkr Sabir oğluna boğaz, qarın və kürək nahiyəsindən 7 bıçaq zərbəsi vuraraq, onu amansızlıqla qətlə yetirib. Hadisəni törədən Ramazan Qurbanov qaçıb gizlənsə də Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən şəxsin qardaşı Mahir Baxşəliyev qardaşının sifarişlə qətlə yetirildiyini və onu öldürən şəxsin təkcə Ramazan Qurbanov olmadığını, hadisədə digər şəxslərin də iştirak etdiyini iddia edir. Mahir Baxşəliyev deyir ki, qatillər qardaşını yox, onun özünü öldürəcəkdilər və əvvəlcədən ona bu barədə xəbərdarlıq da ediblər. Onun sözlərinə görə, 3 il əvvəl Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan Aslan və Həmid adlı şəxslərə 6500 manat pul verərək 2 sot torpaq sahəsi alıb. Lakin ötən müddət ərzində torpağını həmin adamlardan ala bilmədiyinə görə verdiyi pulu geri qaytarmağa çalışıb, Aslan və Həmid adlı şəxslər barədə Suraxanı Rayon Polis Şöbəsinə və Prokurorluğuna şikayət edib. Mahir Baxşəliyev deyir ki, şikayət etdiyi həmin şəxslər bir həftə əvvəl ona Suraxanı Rayon Polis Şöbəsinin istintaq bölməsində pulu geri qaytarmayacaqlarını və bu günlərdə başına oyun açacaqlarını deyərək ona hədə-qorxu gəliblər.
Mahir Baxşəliyevin iddiasına görə, şikayətçi olduğu Həmid Abdinovun qardaşı törətdiyi qətl hadisələrinə görə 3 dəfə həbsdə olub və onun qardaşı Abubəkri öldürən Ramazan adlı şəxslə həbsxanada birgə olduqlarından, dostluq əlaqələri var. Mahir Baxşəliyev qardaşının ona 6500 manat pul borcu olan Aslan və Həmid adlı şəxslərin sifarişi ilə qətlə yetirildiyini deyir.
Qeyd edək ki, bir övlad atası olan Abubəkr Baxşəliyevin rayonda heç kimlə, o cümlədən onu öldürən Ramazanla şəxsi ədavətinin olmadığı, sakit təbiətli insan kimi tanındığı bildirilir. Qətlə yetirilən şəxsin oğlu Ruslan Baxşəliyev APA TV-yə bildirib ki, atası və anası ilə birgə Ağdaş şəhərində kirayə tutduqları evdə yaşayıb. Atası ailəsini dolandırmaq üçün vətəndaşların həyətlərində fəhləlik edib, halal zəhməti ilə pul qazanıb. O, atasının qətli törədən Ramazan adlı şəxsi yaxşı tanıdığını və dostluq münasibətləri olduğunu deyib.
Atasının bir nəfər tərəfindən qətlə yetirilmədiyini iddia edən Ruslan Baxşəliyev bu hadisədə əli olan digər şəxslərin də tapılaraq cəzalandırılmasını istəyir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər