Erməni yazıçı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, bununla əlaqədar beynəlxalq konfransa yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan da dəvət edilib.

 

Daha sonra beynəlxalq konfrans çərçivəsində “Yeddi rayonunun işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində əlverişli zəmin kimi” mövzusunda panel başlayıb. Panelin moderatoru, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda cərəyan edən hazırkı proseslər bu ölkədə siyasətin sabit olmadığını göstərir: “Ona görə də vətəndaş cəmiyyətinin bu görüşü müzakirələrə böyük töhfə verəcək”.

 

Vahe Avetyan çıxışında bir həftədir Azərbaycanda olduğunu söyləyib: “Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən bura həm yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm, Xocalı abidəsini ziyarət etmişəm. Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm. Bu forumun nəticəsində siyasətçilər, QHT rəhbərləri, fəallar bir qərara gələ bilərlər. Mənim burada uzun illərdir ki, dostluq etdiyim şəxslər var. Bu məsələni biz həll edə bilərik, çünki indiki gənclərdə qəzəb var. İlk növbədə mədəni münasibətlər həll olunmalıdır. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır. Bu, mənim sonuncu səfərim olmayacaq. Mən Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim. Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var”.

 

Konfransın "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" mövzusunda ikinci panelində müzakirələr yenidən davam etdirilib. Panelin moderatoru politoloq Rasim Ağayev olub.

 

R.Ağayev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təşəbbüsü ilə çıxış edib.

 

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan çıxışında deyib ki, bu beynəlxalq konfransla Azərbaycan sülhə doğru addım atır: “Ermənistanda azərbaycanlılara qarşı soyqırım törədən şəxslər hakimiyyətə gəliblər. Onlar əslində bu gün Ermənistanda da soyqırım törədirlər. Erməni kilsəsi Azərbaycanda çoxlu sayda erməni yaşadığını bilir, mən onların bir neçəsi ilə görüşmüşəm. Azərbaycanda erməni abidələri qorunur, Ermənistanda isə azərbaycanlılara məxsus məscidlər, abidələr dağıdılıb. İnanıram ki, bu kimi tədbirlər çox olacaq. Bütün münaqişələrdə qurbanlar olur. Vətəndaş cəmiyyəti, jurnalistlər, yazıçılar bu prosesə cəlb olunmalıdır. Dünyanın 10 ölkəsində ermənilərlə azərbaycanlıların birgə fəaliyyəti var. İnanmaq istərdik ki, yaxın vaxtlarda xalqlarımız bizim fəaliyyətimizin nəticələrini görəcəklər. Elə bir sadə erməni tapa bilməzsiniz ki, 25 ildir davam edən münaqişədən məmnun olsun. Yalnız 500-600 erməni var ki, münaqişənin davam etməsində maraqlıdır, onlar da soyqırım törətmiş insanlardır”.

 

Təşkilat rəhbərinin fikrincə, Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir. Onun sözlərinə görə, Qarabağda əhali iki yerə ayrılıb: “Bunların biri elitadır və oyuncaq Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı durumdadır. Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur”.


V.Martirosyan müharibədə övladlarını itirən erməni valideynlərinin hamıdan əvvəl sülhə razı olacağını vurğulayıb: "Ermənistan gəncləri bu gün Dağlıq Qarabağda hərbi xidmət keçir. Aprel qarşıdurmasında Qarabağda qurban verilənlərin 90 faizi Ermənistandakı kasıb ailələrinin uşaqları idi".

 

Yazıçı-publisist və ictimai xadim Vahe Avetyan isə bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan burada sülhməramlı qismində çıxış etməlidir: “Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində də rol oynaya bilər”.

 

Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib. Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı, Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir

 
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR