Azad Rəhimov: "İslamiadanın biletləri Avropa Oyunlarından baha olmayacaq"
“Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yarışlar 16 qrupda keçiriləcək. Artıq 49 Olimpiya Komitəsi yarışda iştirakını təsdiqləyib. Bu son deyil, say artacaq. Buna inanırıq”.
APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, gələn il mayın 12-dən 22-dək təşkil olunacaq İslamiadada yayım hüquqları ilə bağlı danışıqlar davam edir: “Bu məsələyə də yaxın günlərdə aydınlıq gələcək. Əməliyyat Komitəsində 500-dək insan işləyir. Onlar üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Biz belə düşünürük ki, yarışa 3000-3500 idmançı qatılacaq. Planda nə var idisə, onu da yerinə yetirəcəyik. Bu yarışı təkcə Azərbaycan və İslam ölkələri üçün deyil, bütün dünya üçün keçiririk”.
Azad Rəhimov möhtəşəm açılış mərasiminin baş tutacağını istisna etməyib. Akkreditasiyanın başlama tarixini açıqlamayan nazir qeyd edib ki, idmançıların qeydiyyatı dekabrın 31-dək davam edəcək. Yalnız bundan sonra məsələyə aydınlıq gələcək. Biletlər Avropa Oyunlarında olduğu kimi, hər idman qurğusunun yanında və tərəfdaşlar tərəfindən satılacaq. Biletləri internet vasitəsilə almaq da mümkün olacaq. Qiymətlər isə Avropa Oyunlarındakından baha olmayacaq.
Azad Rəhimov İslamiadaya hazırlığın plan üzrə getdiyini də söyləyib. O bildirib ki, komandamızın çıxışı ilə bağlı proqnoz verilməyəcək: “Avropa Oyunlarında da medal sayında ikinci olacağımızı gözləmirdik. Ancaq komandamız bunu bacardı”.
Nazir həmçinin onu da əlavə edib ki, müsəlman ölkəsi olmayan, lakin müsəlmanların məskunlaşdığı ölkələr də İslam Həmrəyliyi İdman Federasiyasına müraciət edə bilərlər. Çünki bu, Təşkilat Komitəsinə aid deyil.
Qeyd edək ki, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə iştirak edən İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum hazırlıq işlərinin səviyyəsindən razılığını bildirib.
Koordinasiya Komissiyasının 2-ci günü müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləridir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər