Şamaxının 7 kəndində torpaq sürüşdü: 300-ə yaxın ev qəzalı vəziyyətə düşüb

Son bir ayda intensiv olaraq yağan yağışlardan sonra Şamaxının Mədrəsə qəsəbəsində torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib və ciddi fəsadlara səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, son vaxtlar qəsəbədə sürüşmə sahəsi daha 20 hektar genişlənərək 40 hektara çatıb.

 

Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Hazırda Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Ümumilikdə isə 100-dən dən çox evdə irili-xırdalı çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər. Qəsəbə sakini Vahid Qasımovun evi isə tamamilə yarasız hala düşdüyü üçün ailənin 6 nəfər üzvü müvəqqəti olaraq kirayə götürdükləri evə köçüb.

 

Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahnəzər Qasımov APA TV-yə bildirib ki, kəndin şimal-şərq hissəsində hazırda 20-dən çox ev qəzalı vəziyyətdədir. Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an sürüşməyə məruz qalaraq dağıla bilər. Kənd sakinlərinə məxsus tərəvəz və bostan əkini yerlərində, meyvə bağlarında çox saylı batmalar baş verib, sürüşmə hər gün davam edir.

 

İcra hakimiyyəti rəsmisinin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində qəzalı vəziyyətə düşən 300-ə yaxın ev var.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri Mədrəsə qəsəbəsindəki sürüşmə zonasına baxış keçirib, sakinlərlə görüşüblər. ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonunun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələrində monitorinqlər aparıblar.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR