Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurma işləri yekunlaşır

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində Əli İsazadə küçəsinin (“Südçülük sovxozu” deyilən əraziyə gedən yol) yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

 

“Azəravtoyol” ASC-dən APA TV-yə verilən xəbərə görə, uzun müddətdir təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan yolun uzunluğu 4,5 km-dir. Sözügedən yolun həm də ensiz olması avtonəqliyyat vasitələrinin xüsusən də payız-qış mövsümündə hərəkətində xeyli çətinliklər yaradırdı.

 

Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. 4 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla 15-17 metr təşkil edir. Yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1-2 metr enində piyada səkiləri tikilib.

 

Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb.

 

Yenidənqurma işləri çərçivəsində yoldan kommunikasiya xətləri kənara köçürülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yol əsasının inşası işləri aparılıb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

 

Əli İsazadə küçəsinin yenidən qurulması işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR