Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində tikinti yekunlaşır

Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

 

“Azəravtoyol” ASC-dən APA TV-yə verilən xəbərə görə, sözügedən avtomobil yolunun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

 

Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı.

 

Hazırda yola yeni asfalt-beton örtüyünün  son qatının, aşınma layının döşənməsi işləri aparılır. Yaxın günlər ərzində asfaltlanma işləri tam olaraq yekunlaşdırılacaq. Asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzun ömürlülüyünü artırır.

 

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min paqon-metr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi “cib”li avtobus dayanacağı inşa olunub. “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

 

Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR