FHN Akademiyasında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” mövzusunda tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad edib. Tədbir, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.
FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov çıxışında üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüsün ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf etdiyini bildirib. O qeyd edib ki, Muxtar Respublikanın ali orqanı tərəfindən 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilməsi müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir.
Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli noyabr ayında qeyd olunan iki əlamətdar bayram - Dövlət Bayrağı Günü və Konstitusiya Gününün əhəmiyyətindən bəhs edib, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncamının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm olduğunu vurğulayıb. Millət vəkili əlavə edib ki, 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı da əlamətdar hadisə olub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər