Azərbaycanda taxta dirəklər üzərində dayanan məktəb - SOS

Qubanın Küçeyi kənd ümumi məktəbi qəzalı vəziyyətdədir. APA TV-nin yerli bürosunun xəbərinə görə, 1977-ci ildə inşa olunan Elçin Qeybullayev adına təhsil ocağının tavanının çökməsinə taxta dirəklər mane olur.

 

Şagirdlər və valideynlər məktəbin tavanının hər uça biləcəyindən narahatdırlar.

 

Əfsanə Məmmədquliyeva, şagird: "Biz 9 ildir ki, bu məktəbdə oxuyuruq, amma təhsilimizə təsir etmir. Amma istərdim ki, müasir məktəb olsun. Laboratoriyalar olsun, kimya, fizika dərslərini orda keçək. Bunlar bizim üçün çətinlik törədir. Yaxşı olardı şəraitimiz olsun, daha düzgün keçək dərsləri".

 

Cavanşir Əliyev, valideyn: "Məktəb, gördüyünüz kimi, qəzalı vəziyyətdədir. Mənim 4 uşağım bu məktəbdə oxuyur. Təhlükədir başdan-ayağa. Uşaqları risk edib göndərirəm məktəbə, tavan hər zaman uça bilər. Xahiş edirəm ki, bir tədbir görsünlər bu məktəb üçün. Bizim uşaqlarımız da normal təhsil alsın. Odun təchizatı azdır. Odun qışda kifayət etməyəcək. Ona görə də valideynlərdən tələb olunur ki, müəyyən pul yığılsın ki, odun alınsın".

 

3 il əvvəl məktəbin iki sinif otağının tavanı çöküb. Hadisə məktəblilərin tətil vaxtı qeydə alındığından, xəsarət alan olmayıb. Məktəbin direktoru Ağamirzə Həsənov isə bildirir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib: "Hazırda məktəbdə 10 sinifdə 172 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi üzrə 16 müəllim məşğul olur. Məktəbimizin binası qəzalı vəziyyətdədir. Təxminən 3 il əvvəl məktəbin 2 sinif otağının tavanı tamamilə çökdü. Yay tətili vaxtı hadisə baş verdiyindən, məktəbdə uşaq yox idi. Yerli icra qurumlarının və valideynlərin köməyi ilə həmin tavanlar təzələndi. Bunu biz öz gücümüz hesabına elədik. Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət olunub. Müraciət olunduqdan sonra cavab gecikməyib. Cavabda bildirilib ki, məktəb tikintisi ilə əlaqədar nazirliyin gələcək investisiya proqramında yeni məktəb binasının tikintisi nəzərdə tutulur".

 

Qeyd edək ki, Küçeyi kənd ümumi məktəbində 172 şagird təhsil alır. Son illər Quba rayonunda 60-dan çox yeni məktəb binası tikilib.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR