Sabirabadda tələyə Amerika yenotu düşüb

Sabirabad rayonunun Qaraqaşlı kənd sakini Salman Muradov toyuq-cücəsini vəhşi çöl yırtıcılarından qorumaq üçün yaşadığı təsərrüfatda tələ qurub. Tələyə tülkü, çaqqal əvəzinə Aranda yaşamayan və rast gəlinməyən qəribə yırtıcı heyvan düşüb.

 

Salman Muradov APA TV-nin yerli bürosuna bildirib ki, internet vasitəsilə bu heyvanın Amerika yenotu - “zolaqlı yenot” olduğunu öyrənib.

 

Yenotlar Amerikanın mülayim və tropik ərazilərində, Kanadanın cənubundan Argentinaya qədər olan ərazilərdə yaşayır. Bəzi yenotlar son 50 ildə Avropaya gətirilib. Əsasən düzən meşəliklərdə yaşayan qiymətli xəzi olan yenotların bu nümayəndəsinin Sabirabad rayonunda necə peyda olması maraq doğurur.

 

Yenotlar insanların məskunlaşdığı yerlərin yaxınlığında yaşamağa, yemək tullantıları ilə də qidalanmağa alışıblar. Gecə həyatı sürən yenotu tez-tez zibil qutularında eşələnən zaman görmək olar. Təbiətdə isə o, əsasən suda yaşayan xırda heyvanlarla qidalanır. Yenot öz şikarını suyun dayaz yerlərinin dibini pəncələri ilə eşərək tutur. Quruda isə torpaqda eşələnərək soxulcan, sürfə və müxtəlif həşəratları axtarır. Payız yaxınlaşdıqca, yenot öz rasionuna meyvə və giləmeyvə də qatır.

 

Hər gün yenotu görməyə gələn Qaraqaşlı kəndinin sakinləri yenotu yedizdirmək üçün internetdən əldə etdikləri məlumatdan yararlanırlar.

 

Yenot şəraitə tez alışan heyvandır. Ağıllı heyvan olan yenotlar gündüzlər yatır, gecələr qarınlarını doyurmaq üçün yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayırlar. Gecələr su içmək üçün gələn heyvanları ovlayırlar. Eyni zamanda yenotlar heyvan,  quş , yumurta, böcək  və sürünənlərlə də qidalanır.

 

Maraqlıdır ki, heyvanxanalarda saxlanan yenotlar onlara verilən qidanı yeməzdən qabaq mütləq suda yuyurlar. Çünki onlar təbiət qoynunda tutduqları şikarın üzərindəki qumu və başqa çirkabı yumağa alışıblar.

 

Əksər insanın zərərverici hesab etdiyi yenotlar əslində ağıllı heyvanlardır. Ağzıbağlı zibil qutusunu açaraq, orada olan qidanı mənimsəmək yenotların hansı intellektə sahib olmasından xəbər verir.

 

Gözlənilməz qonağa rayonun baytarları da baş çəkib. Murad Salmanov deyir ki, yenotun ayağı sağaldıqdan sonra ola bilsin ki, onu zooparka təhvil versinlər.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR