Samuxda 15 gün ərzində eyni evdə ikinci partlayış baş verdi

Samuxda qaz partlayışı nəticəsində bir nəfərin öldüyü evdə yenidən partlayış olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə noyabrın 7-si saat 20.00 radələrində rayonun Aşağı Ağasıbəyli kəndində Naçar İsmayılova məxsus evdə qeydə alınıb. Partlayış zamanı mənzildə Naçar İsmayılovun gəlini İlahə İsmayılova, 3 azyaşlı övladı və gəlinin anası Zilxumar Məmmədova olub.

 

Hadisə zamanı evdə olanlardan heç biri xəsarət almasa da, iki otaq və bir aynabənddən ibarət olan evə ciddi ziyan dəyib. Mənzilə təbii qazın verilməsi dayandırılıb. Hadisə yerinə Samux rayon İcra Hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının və FHN əməkdaşları gələrək hadisənin baş vermə səbəbləri ilə maraqlanıblar.

 

Qeyd edək ki, bu ilin oktyabr ayının 21-də eyni evdə partlayış olmuşdu. Ev sahibi 55 yaşlı Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş vermişdi. Hadisə zamanı ev sahibi və onun həyat yoldaşı 51 yaşlı Zemfira İsmayılova yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına, oradan isə Bakıda aidiyyati üzrə xəstəxanaya göndərilmişdi. Göstərilən tibbi yardımlara baxmayaraq, Zemfira İsmayılova dünyasını dəyişmişdi. Naçar İsmayılovun vəziyyəti isə orta ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR