Bakıda iki maşın toqquşdu, onlardan biri yandı: yaralı var

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, avtomobillərdən biri zərbədən sonra alışıb.

 

Hadisə Yasamal Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil “Mazda” markalı maşına çırpılıb. Zərbədən sonra BMW alışıb.

 

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil isə yanğından mühafizə olunub.

 

Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı Namiq Zülfüqarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

 

Qəzadan sonra Abdulvahab Salamzadə küçəsinin “Qələbə” dairəsi istiqamətindəki hissəsində uzun tıxac yaranıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR