26 yaşlı qadın 32 yaşlı ərini niyə öldürüb? - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 26 yaşlı qadının həyat yoldaşını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı  bəzi təfərrüatlar məlum olub.

 

APA TV-nin hadisə yerində olan çəkiliş qrupunun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Gülər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevə bıçaqla xəsarət yetirdiyini  etiraf edib.

 

Polis bölməsində ifadə verən qadın ilkin olaraq hadisənin  ailədaxili münaqişə zəminində törədildiyini bildirib. Sabunçu rayon Məhkəmə-Patoloji Anatomiya Şöbəsində meyit müayinə olunarkən bıçaq xəsarətinin qarının aşağı ətrafında olduğu, ayaq arteriyasına düşdüyü qeyd olunub. Ölümün səbəbi də elə bu olub.

 

Prokurorluqdan ailənin münaqişəli ailə kimi tanındığı bildirilib. Hətta 26 yaşlı Gülər Mirzəyevanın iki dəfə evdən çıxıb ata evinə getdiyi də hüquq-mühafizə orqanlarına bəllidir.

 

Hadisə günorta saatlarında baş verib. Mərhumun bacısı bir neçə dəfə qardaşına zəng vurub, zənglərə cavab verilmədiyindən bacı onlara gəlib. Bu zaman evin qan içində olduğunu, gəlinə məxsus əşyaların, qızıl-zinət əşyalarının yığışdırılaraq aparıldığını görüb. Məlum olub ki, hadisə baş verəndən sonra Mirzəyeva dərhal atasına və yaxınlarına zəng vurub: "Mənim qardaşımın meyiti evdə ola-ola  evi yığışdırıblar. Bax, yeşiklər boşdur".

 

Hadisə yerində olarkən təkcə otaqlarda deyil, yorğan-döşəkdə belə qan izlərinin olduğunun şahidi olduq. 32 yaşlı Şəmsi Babayevin valideynləri hadisənin gəlin tərəfindən deyil, onun qohumları tərəfindən törədildiyini isə istisna etmirlər: "Bunlar necə görməmişdirlər. Evin pərdələrini də çıxarıblar".

 

26 yaşlı Gülər Mirzəyeva barəsində həbs-qətimkan tədbiri seçilib. Maddi sübut olan bıçaq ekspertizaya göndərilib. Gənc cütlüyün 3 il öncə ailə həyatı qurduğu, bu izdivacdan 2 yaşlı qız övladlarının olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR