Hollandiyada Azərbaycanı tanıtım tədbiri keçirildi
Noyabrın 4-də Niderlandın Zeyland (Zeeland) bölgəsinin Zirikze (Zierikzee) şəhərindəki kinoteatrda Azərbaycanı tanıtmaq məqsədilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının təşkilatçılığı ilə baş tutub.
Tədbirin aparıcısı, Niderlandda çıxan “Vereldregio” (Wereldregio) qəzetinin baş redaktoru Aad van der Vouden (Aad van der Wouden) tədbiri açıq elan etdikdən sonra söz “Connect” təşkilatının sədri, soydaşımız Vüqar Abbasova verilib. Vüqar Abbasov qonaqları salamladıqdan sonra Sxouven Dəüveland (Schouwen Duiveland) bələdiyyəsinin başçısı Xerard Rabelink (Gerard Rabelink) səhnəyə dəvət olunub. “Connect”in sədri bələdiyyə başçısına Azərbaycanla bağlı kitab hədiyyə edib.
Bələdiyyə başçısı çıxışında soydaşımız Vüqar Abbasovla tanışlığından söz açıb, “Connect” təşkilatının gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib. Daha sonra “Connect” təşkilatının katibi Vim van Embden (Wim van Embden) Azərbaycanla bağlı görüntülü (powerpoint) təqdimatla çıxış edib. Tədbir iştirakçıları bu təqdimat sayəsində Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salıblar. Zala toplaşanlara 20 yanvar faciəsi, Xocalı soyqırımı barədə də məlumat verilib.
Daha sonra Azərbaycanla bağlı qısa film nümayiş olunub. Film bitdikdən sonra iştirakçılara Azərbaycanla bağlı suallar verilib və cavabı düzgün tapanlara hədiyyə çekləri, Azərbaycana aid kitablar verilib.
Niderlandda yaşayan soydaşımız, nəqliyyat və daşımaçılıq üzrə mütəxəssis Nurlan Ağayev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, ora sərmayə qoymaq imkanları ilə bağlı görüntülü təqdimatla çıxış edib. Təqdimat eyni zamanda Azərbaycanın turizm imkanlarını əhatə edib. Nurlan Ağayev öz təqdimatında Azərbaycanın sərmayədarlar üçün maraqlı, cəlbedici ölkə ola biləcəyinə diqqət çəkərək, iş adamlarını bu ölkəyə sərmayə qoymağa dəvət edib.
Təqdimatdan sonra qonaqlar skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda Azərbaycan musiqilərini dinləyiblər, Azərbaycan şirniyyatı, qutab və Azərbaycan şərablarını dadmağa dəvət olunublar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər