Kimə necə müraciət etməli: "bəy", "xanım", yoxsa?.. - REPORTAJ

Ünsiyyət mədəniyyəti nitq mədəniyyətinin ən mühüm tərkib hissələrindən biridir. İnsanlara müraciət ünsiyyətlə başlayır. Bəzən insan elə düşünür ki, müraciət etməkdən asan bir şey yoxdur. Amma bu zaman bir şey unudulur ki, müraciət formaları düzgün seçilmədiyi təqdirdə, ünsiyyət də alınmır.

 

Paytaxt sakinləri arasında apardığımız sorğudan belə nəticəyə gəldik ki, hazırda istifadə olunan müraciət formalarından bir o qədər də razı deyillər. Hər kəsə müəllim deyilməsi isə birmənalı qarşılanmır.

 

- İndi satıcıya da, bisavada da müəllim deyirlər, əsl müəlliməyə də. Bu düzgün deyil. Əvvəllər "ay qədeş", "ay yoldaş" deyirdilər.

 

- Müəllim sözü artıqdır, bəy, yaxud xanım daha yaxşıdır. "Bəy" işlətmək daha məntiqə uyğundur. Yaşlı bir qadına yaxınlaşırıq, ona xala deyəndə daha şirin olur. Qoca nənədir, ona xanım yox, nənə deyəndə daha şirin olur. Belə şeylər var.

 

- Bu saat fəhləyə də "müəllim" deyirlər. Düz deyil o. "Bəy" demək daha yaxşıdır. Qabaq "yoldaş" deyirdilər.

 

Bir çoxları isə müəllim sözünün sırf həmin adama hörmət əlaməti olaraq deyildiyini bildirir:

 

- Hörmət əlaməti olaraq deyirlər də "müəllim". Həm ağsaqqal olur, həm də yaşlı adam olur, ona "müəllim" deyirlər.

 

- Hər kəsin bir müraciət forması var. Amma əsasən insanlar bir-birinə "siz" deyə müraciət edirlər. Müəllim deyəndə biz ona hörmət olaraq deyirik. Yəni ən gözəl peşəni onun boynuna qoyuruq. Bir qohumum var, dövlət işçisidir, ona "müəllim" deyirəm. Nə deyim bəs? Ona hörmət əlaməti olaraq "müəllim" deyirəm. Mən də istəyərəm gələcəkdə mənə "müəllim" desinlər. Bazarda işləyən bir qadına "xanım" deyəndə ona daha çox hörmət etmiş oluruq. Xala, bibi o qədər də yaxşı deyil. Bir dəfə bir tanış gəlmişdi, yanımdan keçirdi, dedim, xala icazə olar mən keçim? Dedi mən qocayam ki, mənə xala deyirsən? Birinə də "xanım" deyirsən, o da qəbul eləmir.

 

Bəs o zaman müraciət formasını necə seçməliyik ki, hər kəsi öz adı ilə çağıra bilək?

 

AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü deyir ki, tarixən müxtəlif müraciət formalarından istifadə olunub. Onun sözlərinə görə, xanımlara müraciət formasında problem yaşanmasa da, kişilərdə bu problem bu gün də yaşanmaqdadır: "Bizim dilimizdə tarixən xanımlara müraciət formasında müxtəlif sözlərdən istifadə ediblər. Məsələn, Bəyim, Bikə, Banu. Xanlar öz həyat yoldaşına "xanımım", bəylər "bəyimim" deyirmişlər. "Bikə" sözü də bəylərin öz xanımlarına etdiyi müraciət formasıdır. Banu sözü isə Orxon-Yenisey abidələrinin dilində işlənilib. Müraciət formaları içərisində bu gün dildə sabitləşən xanım sözüdür.  Amma bizim dilimizdə başqa dillərlə müqayisədə gənc, yaşlı xanım - belə bir variantlar yoxdur. Məsələn, fransız dilində evli xanıma madam, subay xanıma madmazel deyirlər. Belə variantlar bizim dilimizdə yoxdur".

 

Müsahibimiz bildirir ki, insanlara əsasən peşəsinə, elmi səviyyəsinə, cəmiyyətdə tutduğu mövqeyə görə müraciət edilir. Kişilərə müraciət formasında "müəllim" və "bəy" sözü bu gün paralel şəkildə işlənilir. Amma "müəllim" sözünün işlənməsi bəzən yerinə düşmür, çünki müəllimin cəmiyyətdə öz statusu var: "Müəllimliklə əlaqəsi olmayana "müəllim" demək olmur. Hər kəsə necə müəllim deyəsən? Ümumiyyətlə, cəmiyyətdə ziyalı mövqeyi varsa, müəllim deyə müraciət oluna bilər. Amma indi hər kəs də axı ziyalı deyil, o zaman "müəllim" sözünün işlənməsinə ehtiyac duyulmur. Bu zaman "bəy" sözündən istifadə olunsun. "Bəy" sözü bizim 90-cı illərin əvvəllərində aktiv işlənməyə başladı, bu zaman da bu sözün üzərinə müəyyən siyasi kölgə çəkdilər. Amma insanlara müraciət etməkdə "bəy" sözünün istifadəsində elə bir problem görmürük. Bunu sərbəst şəkildə işlətsələr, daha yaxşı olar".

 

Təranə Şükürlü deyir ki, 80-ci illərdə müraciət forması kimi "ağa" sözü işlədilib ki, bu da  daha çox yaşlılara və seyidlərə deyilib. Sovet dönəmində isə yoldaş və vətəndaş sözləri daha işlək olub: "Müraciət formaları içərisində ümumişlək müraciət formaları var ki, bu zaman yaş fərqi nəzərə alınır. Məsələn, gənc qıza və oğlana "cavan oğlan", "cavan qız" deyə müraciət edilə bilər. Hazırda müraciət formalarını iki qrupda sistemləşdiririk. Rəsmi və qeyri-rəsmi. Rəsmi olmayan müraciət formaları artıq məişət leksikasında öz əksini tapır. Hazırda "Siz" əvəzliyi müraciət forması kimi aktivdir. O da Mahmud Kaşğarinin dilindən gəlir. Kaşğari yazır ki, qədim türklər özündən böyüyə hörmət əlaməti olaraq "sən" deyil, "siz" deyə müraciət ediblər. Bu gün hətta "siz" müraciət formasının yazılı nitqdə böyük hərflərlə yazılması da artıq öz əksini tapıb. Bəzən düşünürlər ki, dildə müraciət forması azdır, onun sayını artırmaq lazımdır. Amma olanlarla da kifayətlənmək lazımdır".

 

Müsahibimiz qeyd edir ki, müasir danışıqda işlək olan "ə", "ədə", "alə", "az" vahidlərinin Ə səsi qədim tük sözlərindən ibarət olub, sonradan ƏR şəkli kəsb edib. Ə sözünün ilkin mənası şəxs, adam, insan anlamını verir: "Evdə xanıma, həyat yoldaşına arvad deyə müraciət edilir. Bu söz də ərəb sözüdür, "övrət" sözündən törəyib. Bir də müasir dövrdə ən çox işlənilən müraciətlərdən biri də ərəb məşəli "cənab" sözüdür. Bu da yüksək təbəqəli məmurlara söylənilən müraciət formasıdır. Bunu işlətmək hər kəsin öz fərdi leksikonundan asılıdır".

 

Belə... Müəllim böyük addır, bu adı hər kəsə müraciətlə  işlətmək müəllim adına kölgəyə sala bilər. Odur ki, çalışaq hər kəsə özünə uyğun şəkildə müraciət edək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR