Bakıda evdən və aptekdən oğurluq etmək istəyənlər iş başında tutuldu

Gecə saatlarında Bakının Biləcəri qəsəbəsindəki evlərin birindən oğurluq etmək istəyən şəxs tutulub.

 

APA TV-nin məlumatına görə, vətəndaş Binəqədi Rayon Mühafizə İdarəsi (RMİ) tərəfindən xüsusi vasitələrlə qorunan İlyas Yusifova məxsus mənzildən Mərkəzi Məlumat Mərkəzinə “həyəcan” siqnalı daxil olub.

 

Dərhal hadisə yerinə yollanan idarənin operativ qrupu evin dəmir barmaqlıqlarının qırıldığını, eləcə də yaşayış sahəsinə daxil olan elektrik naqillərinin kəsildiyini və bir nəfər naməlum şəxsin mənzilə daxil olmaq istədiyini aşkar ediblər. Evin eyvanından polis əməkdaşları tərəfindən aşağı düşürülən şəxs ərazi üzrə 6-cı Polis Bölməsinə təhvil verilib.

 

Bölmədə qeyd edilən mənzildən oğurluğa cəhd edən vətəndaşın şəxsiyyətinə aydınlıq gətirilib və onun üzərindən mənzilin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi ling aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Binəqədi RMİ-nin bölük komandiri Samir İsmayılov bildirib ki, həmin şəxs əvvəllər də dəfələrlə oğurluq etdiyinə görə məhkum edilmiş Ağamalıyev Rəfail Lətif oğludur.

 

Analoji hadisə 8-ci mikrorayon ərazisində yerləşən “Zeytun” aptekində də baş verib. Həyəcan siqnalı  daxil olan zaman polis əməkdaşları hadisə yerinə gəliblər. Əvvəllər məhkum olunan Hikmət Yusifov elə cinayət başında saxlanılaraq ərazi üzrə 5-ci Polis Bölməsinə təhvil verilib.

 

Hər iki faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR