OPEK "Reuters"i təkzib etdi, neft həftəyə bahalaşmaqla başladı

Birjalarda həftənin ilk hərraclarında neftin qiyməti bahalaşıb. Həftə sonunu 45,17 dollarla başa vuran "Brent" nefti birjaların açılış günü 46,10 dollardan satılıb. Neftin qiymətinin təxminən 1 dollar bahalaşması qiymətlərdə aparılan korreksiyalarla izah olunur.

 

Qərbi Texas nefti də 1 faizdən çox bahalaşıb. Hazırda WTİ neftinin bir bareli 44,56 dollardan təklif edilir.

 

Neftin bahalaşmasına OPEK-in baş katibi Məhəmməd Barkindonun açıqlamaları da təsir göstərib. Xatırladaq ki, həftə sonu "Reuters" agentliyi etibarlı mənbəyə istinadən kartelə üzv ölkələrin Vyana görüşünün detallarını açıqlamışdı. Xəbərə əsasən, İran hasilatı azaltmaq proqramına qoşulmayacağı təqdirdə, Səudiyyə Ərəbistanı neft hasilatını ən yüksək həddə qaldıracağını açıqlayıb. Bazara əlavə həcmdə neft daxil olması ehtimalı qiymətlərin son ayların minimum həddinə düşməsinə səbəb olub. OPEK baş katibinin bu xəbəri təkzib etməsindən sonra qiymətlər yenidən bahalaşmağa başlayıb.

 

Bu həftə ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri, ölkədə neft ehtiyatlarının həcminə dair hesabatlar qiymətlərə ciddi təsir göstərə bilər. Bundan başqa, Beynəlxalq Enerji Agentliyi və OPEK də aylıq hesabatları açıqlayacaqlar, hər iki hesabat bazarda qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən sayılır. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR